Oxu.Az-ın “Oyundan kənar” rubrikasının növbəti qonağı Pekin Olimpiya Oyunlarının gümüş medalçısı, Baku2015 Avropa Oyunlarının qalibi Rza Kayaalpdır.

- Rza, Azərbaycanda da, Türkiyədə də bir çox insanlar tərəfindən tanınırsan. Bəlkə də Azərbaycan və Türkiyə bayrağı ilə çıxma jestin səni bu qədər sevdirib və tanıdıb.
- Azərbaycan mənim üçün Türkiyə deməkdir. Hər iki dövlət mənim üçün əzizdir, hər ikisi vətənimdir.
Mən hansısa bir yarışda iştirak edəndə orda Türkiyə və Azərbaycan iştirak edirsə, mən hər iki bayrağı qaldırmalıyam. Bu, mənim borcumdur.


- Güləş və nəticələr… Başlayaq - harda doğulmusan, necə uşaq olmusan?
- Mən 1989-cu ildə Yozqatın Kavurqalı kəndində doğulmuşam. Canlı uşaq olmuşam, yəni arıq olmamışam. Ona görə də yaşıdlarımdan fərqli görünürdüm. Güləşə 10 yaşında başlamışam.
- Əvvəllər başqa idmanla məşğul olmusan, yoxsa elə güləşlə başlamısan?

- Yox, elə güləşlə başlamışam. Mənə uşaqlıqdan həmişə pəhləvan deyirdilər.
Daha sonra Aksaray Universitetində təhsil almışam və Ankara idman klubunun idmançısıyam.
- Ailədə neçə nəfərsiz, kim nə işlə məşğuldu? Ən əsası səndən başqa idmançı varmı?
- Ailəmiz böyükdü, səkkiz nəfərik: atam, anam, qardaşım və bacılarım. Məndən başqa idmanla məşğul olan yoxdu.
- Uğurların, qazandıqların barədə nə deyə bilərsən?
- Mən hər zaman çalışıram, amma idmançı o döşəkdə nələr olacağını, onu nə gözlədiyini bilmir, amma düşünürəm ki, indiyə kimi pis nəticələrim olmayıb.


2005-ci ildən artıq uğurlarım davamlı şəkildə oldu.
2007-ci ildə Pekində keçirilən olimpiadada gümüş medal qazandım. 2009-cu ildə keçirilən Dünya güləş yarışında bronz medal qazandım və 2012-ci ildə də Londonda Olimpiya oyunlarında bronz medalın sahibi olmuşam. Daha sonra isə bir çox turnirlərin qalibi oldum.
- Bir çox önəmli yarışlarda olmusan və hələ irəlidə də iştirak edəcəksən. Sualım belədir: Avropa Oyunları - Azərbaycan – Bakı və insanları? Düşüncəndə necə formalaşıb?
- Azərbaycan mənim ikinci vətənimdir, ən azı Türkiyənin uğurları qədər Azərbaycanın da uğurlarına sevinirəm. İnsanları səmimi, cana yaxındılar, insan burda yadlıq hiss etmir.
Oyunlara gəldikdə isə maraqlı və məsuliyyətli keçdi. Azərbaycanda birinci olmaq gözəl hissdir.
Bura qonaq kimi gəldiyimi də düşünmürəm, çünki öz vətənimdir.


- İdmançıların adətən çox istirahət etməyə vaxtı olmur, yəqin ki, səndə də elədir? Bəs boş vaxt tapan kimi nə edirsən?
- Əslində düzdü, məşqlərlə düz gəlmir hardasa istirahət etmək, amma boş vaxtım olanda daha çox evdə oluram, belə çox gəzən, əylənən deyiləm.

- Rza, önündəki aylarda, illərdə nə planlaşdırırsan?
- Las-Veqasda olacaq yarışa hazırlaşıram, daha sonra ən əsası Rioya hazırlaşıram, qalib olacağıma inanıram. Bir yarışa tam ciddi hazırlaşmaq lazımdır.
- Ən sevdiyin içki?
- Süd (gülür).
- Sənə nə isə öyrədən film?
- “Mənim adım Xandır” filmi.


Nərmin Kazımova
Foto: Nahid Ağazadə
www.oxu.az