Bu il tamaşaçılara təqdim ediləcək premyeralar siyahısında “Planet Parni iz Baku” teatrının yaradıcı heyətinin çəkdiyi film də yer alıb. Ekran əsəri Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi C.Məmmədquluzadənin “Ölülər” pyesinin müasir interperetasiyasıdır. Sentyabrın 22-dən Bakının bütün kinoteatrlarının ekranlarında izləyə biləcəyiniz yeni film “Ölülər XXI əsr” adlanır.
Oxu.Az “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri və rejissoru Tahir İmanov ilə müsahibəni təqdim edir.
- Klassikanın müasir təqdimatı sizin üçün yenilik deyil. “Məşədi İbad”ınızı tamaşaçılar yaxşı xatırlayırlar. Fasilə niyə bu qədər uzun çəkdi?
- Bəli, düz vurğuladınız ilk filmimiz “Məşədi İbad - 94” tamaşaçılara 2005-ci ildə təqdim edildi. Mənim fikrimcə, bu, uğurlu bir iş idi. Fasilə niyə uzun çəkdi? Çünki bu dahi ədibin yaradıcılığına yalnız və yalnız ciddi yanaşmaq olardı. Təsəvvür edin ki, ssenari 4-5 il müddətinə yazıldı. Çünki yazılırdı, bir müddət sonra müəyyən dəyişikliklər, əlavələr edilirdi. Obrazları tapmaq, həmin o Kefli İskəndərin, Şeyx Nəsrullahın və s. personajların müasir dövrümüzdə prototiplərini aşkar etmək lazım idi.

- Bu dəfə seçiminiz sadəcə komediya deyil, tragikomediya oldu. Niyə məhz “Ölülər”?
- Mənim üçün Azərbaycan satirasının banisi C.Məmmədquluzadədir. Bu, subyektiv fikrimdir. Onun irsi böyük məktəbdir və bu yaradıcılıq “Ölülər” və “Kamança” əsəri ilə bitmir. Bəlkə də çoxları C.Məmmədquluzadə dedikdə ilk olaraq “Danabaş kəndinin əhvalatları” əsərini xatırlayacaqlar, amma etiraf edək ki, “Kamança” əsəri də dramaturji baxımdan çox güclü əsərdir.
Seçimimizə gəldikdə isə, bir məqamı sizə xatırlatmaq istərdim. Deməli, 2001-ci ildə vida konsertimizdən sonra ümummilli liderimiz H.Əliyev kulis arxasında etdiyi söhbətdə bir paralel etdi. O bizim komandanı C.Məmmədquluzadə ilə müqayisə etdi. Yəni dövrünün çatışmazlıqlarını, cəmiyyətin nöqsanlarını “Molla Nəsrəddin” jurnalında öz əsərləri vasitəsilə göstərən C.Məmmədquluzadə kimi bizim də müasir dövrün nöqsanlarını səhnədə gülüş prizmasından göstərdiyimizi dedi.
Səbinə Səmidxan
www.oxu.az