Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Yaşar Bəşirov: Karate həyatımın bir hissəsinə çevrilib – MÜSAHİBƏ + FOTOSESSİYA
Oxu.Az-ın “Oyundan kənar” rubrikasının növbəti qonağı əməkdar idman ustası, əməkdar məşqçi, idman xadimi, 7-ci dan qara kəmər və Karate Federasiyasının prezidenti Yaşar Bəşirovdur.
- Yaşar Bəşirov deyəndə ilk ağlımıza gələn söz karate sözü olur. Sizi Azərbaycanda karatenin tanıdılması, inkişafı üçün çalışan biri kimi tanıyırıq. O vaxtlar idmanın məşhur olmadığı bir dönəmdə necə oldu idmana maraq göstərdiniz və davam etdiniz?
- Mən gözümü açandan idmanla məşğulam. 60-cı illər idi, üzgüçülüklə məşğul olurdum, daha sonra cüdoyla, həndbolla, yüngül atletika ilə məşğul oldum. Amma deyim ki, yüngül atletika çox çətin idi, amma ciddi şəkildə məşğul olurdum yığma komandanın üzvü idim. Həmin illər məktəbli idik, bizi bir yerə yığırdılar, təlim-məşq toplanışlarına gedirdik. Həmin vaxt SSRİ vaxtı idi, idmançı olduğumuza görə bizi imtahanlardan azad edirdilər.
Əsgərlikdən öncə - hardasa 1974-cü il idi, cüdoyla məşğul olurdum, elə əsgərlikdə də davam elədim. Tərlan Həsənov mənim ilk güləş üzrə müəllimim idi, çox güclü məşqçidir.
1978-ci ildən karateylə məşğulam.
Bizim yaşıdlarımız, bir yerdə məşq etdiyimiz dostlarımızın hal-hazırda əksəriyyəti məşqçi kimi fəaliyyət göstərir: Məsələn, Ağayar Axundzadə, Yaşar müəllim, Tərlan müəllim, Nazim Hüseynov var. Bizimlə məşq edənlər arasında Nazim müəllim öz möhürünü vurub, artıq olimpiya çempionu olmaqla karate ilə 1978-ci ildən etibarən peşəkar məşğul olmağa başladım. Müəllimim Mirəli Seyidov idi, həmin vaxt “Dinamo”da məşq edirdik. Elə Mirəli müəllimlə Sibirdə bir yerdə əsgərlikdə olmuşuq.
Mən Azərbaycanda karate üzrə ilk Avropa çempionu olmuşdum. Təhsilimi, işlərimi Rusiyada davam elədim, alimlik dərəcəsi aldım. Və yenidən Bakıya qayıtdım.
Amma Moskvada olduğum vaxt elə Moskva çempionu oldum, 1992-ci ildə elə Bakıya qayıtdıqdan sonra, İngiltərədə keçirilən yarışda ilk Avropa çempionu oldum.
- İxtisasınız fərqlidir, amma idmanı seçmisiniz və hal-hazırda da Karate Federasiyasının prezidentisiniz.
- Bəli, ixtisasım fərqlidir, bioloqam, amma illərdi karate mənim həyatımın bir hissəsinə çevrilib.
- O vaxtkı illərdə, yoxsa indi çempion olmaq - hansı illərdə daha çətin idi?
- İdman asan deyil, çempion olmaq da həmçinin. İllərlə əziyyət çəkirsən və o əziyyətin bəhrəsini çempion olmaqla görürsən. Nə o vaxtkı illərdə, nə də indi asandır çempion olmaq.
Mən 1994-cü ildən Karate Federasiyasının prezidentiyəm. Hələ illər öncə karateyə icazə verilmirdi, hardasa 1989-cu ildən təbliğatına icazə verilməyə başlandı. Ancaq mən özüm 1994-cü ildə “Qara Qaplan” adlı karate klubu yaratdım, indiyənədək də klubumuz fəaliyyət göstərir. 8-9 ildir ki, nəticəyə görə klubumuz birincidir. Şahin, Asiman, İlahə, Aynurə bu klubun ilk yetirmələrindəndir, onların da nəticələri göz qabağındadı.
Kluba Şahin Xudaverdiyev başçılıq edir və Cahangir Babayev kimi müəllim fəaliyyət göstərir.
1992-ci ildə Moskva çempionu oldum, elə Bakıya qayıtdıqdan sonra İngiltərədə keçirilən yarışda ilk Avropa çempionu oldum.
- Federasiya rəsmi olaraq nə vaxtdan fəaliyyət göstərir?
- Azərbaycan Milli Karate Federasiyası 1994-cü ildə yaradılıb. 1997-ci ildən o, dünyada ən böyük karate təşkilatı sayılan, 180-dan çox ölkəni birləşdirən və 50 milyondan çox üzvü olan WKF-in üzvüdür.
Hazırda karate üzrə Azərbaycan yığma komandası Avropa və dünyada ən güclü komandalardan biri hesab olunur. Karate üzrə milli komandamızın tərkibində dəfələrlə dünya və Avropa çempionu və Avropa Oyunlarının qızıl mükafatçısı Rafael Ağayev, dünya və Avropa çempionatlarının qalib və mükafatçıları Ceyhun Ağasiyev, Niyazi Əliyev, Pərviz Abdulkərimov, Ayxan Mamayev, Şahin Atamov, İrina İlahə, Rəşad Hüseynov kimi idmançılarımız var.
- Qeyri-olimpiya idman növləri arasında karate ən populyarı sayılır. Və həmişə də seçilir. Səbəb nədir?
- Karate idman növlərinin arasında ən məşhurlarındandır. Və elə dünya ulduzları, ən güclü idman ustaları məhz ilk dəfə karate ilə başlayıblar.
İndi isə karate Azərbaycanda təkcə paytaxtda yox, ölkəmizin regionlarında da geniş yayılıb. Bu, bir tərəfdən Azərbaycanda idmanın maddi-texniki bazasının yaxşılaşdırılması ilə izah edilə bilər. Son illər müasir tipli olimpiya idman komplekslərinin, zalların inşası karatenin inkişafına da təkan verib. Paytaxtda olduğu kimi, regionlarda da uşaq, yeniyetmə və gənclər karate ilə yaxşı şəraiti olan arenalarda məşğul olurlar. Digər tərəfdən, Şərq əlbəyaxa döyüş növünə aid olan karate yeniyetmə və gənclərimizin ruhuna uyğundur, onlar özləri bu idman növü ilə məşğul olmağa can atırlar.
- Avropa Oyunları Azərbaycanı bir daha dünyaya tanıdan layihə oldu. Bu oyunlarda demək olar ki, idman növlərinin əksəriyyəti çıxış edirdi. Karate isə xüsusilə seçildi.
- Bizim elə ilk uğurumuz karatenin Avropa Oyunlarında idman növləri sırasına daxil edilməyi oldu, sonra isə idmançılarımızın uğurları bizi sevindirdi, sübut etdi ki, bizim karateçilərimiz güclüdürlər.
Niyazidən qızıl gözləyirdik, Şahindən gözləyirdik təəssüf ki, belə alındı, amma ruh düşkünlüyü olmasını istəmirəm. İrəlidə yarışlar var və Şahin həmişə bizi sevindirib. İnanıram ki, yenidən bizi sevindirəcək. Ayxandan medal gözləyirdik, alındı, Rafaeldən sözsüz qızıl medal gözləyirdik, alındı. İlahədən, daha sonra Firdovsidən medal gözləyirdik, amma qızıl olmağı bizi sevindirdi.
Biz Karate Federasiyası olaraq Prezident cənab İlham Əliyevə təşəkkürümüzü bildiririk. Azərbaycanın istənilən sahədə olan inkişafına görə və ən önəmlisi, Azərbaycan idmanının bu qədər öndə olması, seçilməyimiz, birincilər sırasında olmağımızı biz hamımız Prezidentimizə borcluyuq. Onun qayğısı, diqqəti bizim üçün önəmli məqamdır.
Nərmin Kazımova
www.oxu.az
Rəylər