Bir müddət əvvəl aşıq Namiq Fərhadoğlunun konsertində rəqqasə Aytənin saz havasına oriyental rəqs - göbək rəqsi oynaması ilə bağlı qınaqlar səngimir.
Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verən Aşıq Əli saz ifasına göbək rəqsi oynamağın düzgün olmadığını dedi:
“Saz havasına göbək rəqsi oynamazlar. Dədə Qorqudun vaxtında saz havasına boyun oynayıb. Daha sonra başqa saz havalarımız olub. Amma bunların heç birinə göbək rəqsi oynanmayıb. Hərdən kimsə niyyət edir ki, oğlunun və ya hansısa qohumunun toyu olanda saz havasına qol qaldıracam. O da oynamaq yox, qol qaldırmaq.
Qanımızda olan o saz havalarına qol qaldırmaq olar. Amma göbək rəqsi etmək olmaz. Saz müqəddəs bir alətdir. Mən bu müqəddəs alətdə olunan ifaya göbək rəqsi oynamağı bir sənətkar kimi qəbul edə bilmirəm. Göbək oynatmaq nağara, zurna ifasında ola bilər. Söz, söhbət, kəlam, nəsihət və saz müqəddəs bir alətdir. Saz yeganə alətdir ki, namaz qılınan otaqda, ibadət yerində bu alətin olmasına icazə verilir. Eşq əhli olan Kərəmin barmaqları o sazın üstünə dəyib. Sazın müqəddəs sahibləri - Qəmli Abbas, Tufarqanlı Abbasın və digər müqəddəs vergili insanlardan bizə bu saz miras qalıb. Bu qədər müqəddəs vergili insanların sazının qarşısında sən lüt bədənlə göbək rəqsi oyna?! Bu, eyş-işrət deməkdir. Mən bunu qəbul edə bilmirəm”.
Aşıq Cahangir bildirdi ki, saz havasına yalnız baş oynaya bilər:
“Biz gözümüzü açandan görmüşük ki, saz havasına yalnız baş oynasın. Saz ifasına heç ayaq da oynamamalıdır. Mən başqa şeyləri bilmirəm. Bəlkə də o aşığı məcbur ediblər ki, sən bir hava çal, qız da oynasın. Dinləyicidən də çox şey asılıdır. Çox aşıqlar görmüşəm ki, dinləyici onu stolun üstünə çıxardıb ki, burada ifa et. Mən Aşıq Namiqin konsertində iştirak etmədiyim və həmin videonu görmədiyim üçün bir söz deyə bilmərəm. Amma mən bildiyim qədəri ilə saz çalınarkən ancaq baş fırlanır. Sazın havasını olduğu kimi ifa edən də o saz havası olur. Sazı öz yolundan çıxartmayanda orada heç kimin oynamaq fikrinə, xəyalına belə getməz. Əgər aşıq saz çalır, kimsə oynayırsa, burada aşığın bir günahı yoxdur. O nə edə bilər ki? Saz havaları çərçivəsindən çıxmayanda daha gözəldir”.