“High Life Fashion & Model Academy” ilk dəfə, hətta ölkəmizin hüdudlarında da keçirilməyən bir müsabiqəni təqdim edir.
Oxu.Az xəbər verir ki, bu haqda Gün.Az-a təşkilatın baş direktoru Aqil Məmiyev məlumat verib.
Bildirib ki, internetdə “Best of the Best” gözəllik yarışması keçiriləcək. Bu onlayn yarışmada bəylər və xanımlar özlərini sınaya biləcək.
Yarışmanın keçirilməsində məqsəd nəinki paytaxtda, həm də bölgələrimizdəki gözəl simaya malik olan gəncləri önə çəkərək tanıtmaqdır.
Beləliklə, “High Life Fashion & Model Academy”-nin ideyası və proyekti olan “Best of the Best” yarışması start götürür.
Özünü sınamaq istəyənlər artıq müraciət edə bilərlər. Müsabiqənin nəticələri internet istifadəçilərinin səs verməsi ilə müəyyən olunacaq.
Hər gün təqdim olunan yeni iştirakçılara səslər verilərək həftənin qalibi seçiləcək. Ardıcıl olaraq həftə qalibləri arasında hər ayın ən gözəl bəy və xanımı seçiləcək. Bütün bu proseslərdən sonra hər ayın ən gözəl simaları arasında ilin ən gözəl simaları seçiləcək.
1-ci, 2-ci və 3-cü yerlər uğrunda mübarizə gedəcək. Müsabiqədə internet istifadəçilərinin səs verməsi ilə yanaşı, həm də münsiflər heyəti öz professional rəylərini bildirəcək.
Final mərhələsi isə yerli telekanalların birində yayımlanacaq və möhtəşəm konsert proqramı ilə yekunlaşacaq. 1-ci yerin qalibinə 5000 manat və tanıtım, 2-ci yerin sahibinə Fransaya 7 gecə, 8 günlük tur-paket, 3-cü yerə isə 1000 manat dəyərində geyim kartı təqdim olunacaq.
Müsabiqənin rəhbəri və ideya müəllifi “High Life Fashion & Model Academy”-nin prezidenti modelyer Mübariz Allahverdizadə, eyni şirkətin baş direktoru və layihənin təşkilatçısı Aqil Məmiyevdir.