Rusiyanın NTV kanalının “Sən supersən!” layihəsi valideyn himayəsindən məhrum olmuş istedadlı uşaqlara bacarıqlarını nümayiş etdirməyə imkan yaradır.
Oxu.Az xəbər verir ki, layihədə uşaq evlərinin yetirmələri, internat məktəblərinin şagirdləri və ailələrə övladlığa verilmiş uşaqlar iştirak edirlər.
Azərbaycandan olan layihə iştirakçıları Pərvanə Alcanova (Bakı) və Xoşqədəm Mehdiyeva (Gəncə) dünən rəsmi təmsilçilərin müşayiəti ilə Moskvaya yollanıblar. Müsabiqə çərçivəsində iştirakçılarla peşəkar müəllimlər və musiqi prodüseri işləyəcək. Uşaqlar şou müddətində məktəb proqramı üzrə təhsillərini davam etdirə biləcəklər.
“Sən supersən!” musiqi şousunun tərəfdaşı olan Sputnik Beynəlxlq İnformasiya Agentliyi və radiosu öz redaksiya mərkəzlərinin bazasında MDB və Baltikyanı regiondakı 14 ölkədə seçim keçirib. Müsabiqədə MDB və Baltikyanı regionu Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Qazaxıstan, Qırğızıstan və Estoniya da daxil olmaqla 10 ölkədən olan istedadlı uşaqlar təmsil edəcəklər. “Sən supersən!” müsabiqəsi Rusiyanın Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilir.
Şounun aparıcısı Rusiyanın məşhur teleaparıcısı Vadim Takmenyov olacaq.
“Sən supersən!” uşaq vokal müsabiqəsinin premyerası 11 fevral tarixində NTV telekanalında baş tutacaq.
NTV – Rusiyanın bütün ərazisində yayım həyata keçirən ən böyük qeyri-dövlət teleşirkətidir. 1993-cü ilin oktyabrından efirə çıxan NTV daimi olaraq yerli televiziya məkanının ilk üçlüyündə yer alır.
A.S.
www.oxu.az