Bu gün dünyaca məşhur bəstəkar-müğənni Emin Ağalarovun doğum günüdür.
Oxu.Az xəbər verir ki, “Krokus Siti” şirkətlər qrupunun vitse-prezidenti Emin Ağalarov hazırda Rusiyada bizneslə məşğuldur.
4 yaşından Moskvada yaşayan dünyaca məşhur biznesmen və bəstəkar-müğənni İsveçrə və ABŞ-da təhsil alıb.
ABŞ-da olarkən onun musiqiyə marağı yaranıb. Xüsüsən, Frenk Sinatra, Elvis Presli və müəllimi, unudulmaz sənətkar Müslüm Maqomayev onun kumirləri sırasındadır.
2006-cı ildə “Still” adlı ingiliscə ilk albomu işıq üzü görüb və eyniadlı mahnı tez bir zamanda hitə çevrilib. Bu musiqi toplusunda o, həm də bəstəkar kimi özünü göstərib. 2007-ci ildə “İncredible” adlı albomunu sevənlərinin ixtiyarına verib.
Emin 2010-cu ildə artıq Avropaya musiqisini tanıtmaq qərarına gəlib və “Wonder” albomunu Britaniyada satışa çıxarıb. “Obvious” mahnısını “This Morning” verilişində ifa edən sənətçi böyük diqqət görüb. Əksər mahnılarının müəllifi özüdür.
Emin Ağalarovun “Giving İn”, “Don't cry”, “Wonder”, “Falling”, “Any time you fall”, “Obvious”, “Stick together”, “Still, Make the world go away”, “Just for one night”, “Amor” adlı klipləri var.
Rusiya, Ukrayna və Azərbaycanda dəfələrlə verdiyi konsertlər anşlaqla qarşılanıb.
“GQ” jurnalının 2011-ci ildə “İlin iş adamları” namizədləri arasından birinci yerə çıxıb.
Emin Ağalarov bu il həm də “Kainat gözəli” müsabiqəsinin təşkilatçısı qismində çıxış edib.
Məşhur azərbaycanlı iş adamı Araz Ağalarovun oğlu və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin kürəkənidir. O, 30 aprel 2006-cı ildə prezidentin böyük qızı Leyla Əliyeva ilə ailə həyatı qurub. Mikayıl və Əli adında əkiz oğlanları var.
Qeyd edək ki, Leyla Əliyeva və Emin Ağalarov “Stick Together” adlanan klipdə bir yerdə çəkiliblər.
Aytən Sadıqzadə
www.oxu.az