Oxu.Az müğənni Elariz Məmmədoğlunun “Qafqazinfo” ya müsahibəsini ixtisarla təqdim edir:
- Sənət adamlarından bəziləri nənə, baba olduqlarını gizlədirlər. Bunu toy bazarına təsir edəcəyi ilə əsəslandırırlar. İki nəvəniz var. Bu sizin toy biznesinizə təsir göstərmir?
- Bu məsələni çox işıqlandırsanız, əlbəttə təsir edər. Cavan baba olmağıma baxmayaraq deyəcəklər ki, babadır, yaşlı adamdı. Toya cavan müğənni dəvət edək. Bu da toylarımın sayını azalda bilər. Lakin ziyalı adamlar bilirlər ki, toyun idarəçiliyini əsasən professionallara tapşırmaq lazımdır. Ona görə ziyalı insanlar bunu düşünüb öz şənliklərinə məni qrupumla dəvət edirlər. Gənc müğənnilər isə 20-30 dəqiqəlik çıxışla kifayətlənməli olurlar. İnsanlar müğənniləri toya dəvət edərkən onları nənə, baba olmaqlarına görə deyil, istedadına, professionallığına, sənətkralığına görə qiymət versələr, yaxşı olar.
- Milyonçu ulu babanızdan sizə nə qalıb?
- Ulu babam içəri şəhərli olub. Bolşeviklər tərəfindən onun bütün malikanələri alınıb. Onlara heyfslənmirəm. Əsas odur ki, babamdan gözəl xatirələr qalıb. Ulu babam Məşədi Ağa Hüseyn deyilənə görə atamı çox istəyirmiş. Vaxtilə Bakıdan sürgün olunmuş babam atamı görərkən “Məmməd, necəsən” deyərək qucaqlayıb ağlayarmış.
Sonra da öz-özünə deyərmiş: “Kişi ağlamaz. Yəqin qocalmışam”. Babam messanat imiş. Aktyorlara böyük yardımları olub, kasıb ailələri ərzaqla təmin edib. Xəstələrə dərman alıb. Musiqini çox sevirmiş. Atamın dayısı Allahverdi kişidən eşitmişdim ki, babam məclislərin birinə xanəndə dəvət edib. Məclis qurtararkən babam musiqiçilərə və xanəndəyə pul verib. Lakin onlar hörmət əlaməti olaraq pulu götürmək istəməyiblər.
Babam isə onlara deyib ki: “Sənətkarın pulunu kəsməzlər. Hər bir işdə halallıq gərəkdir. Mən sizin halallığınızı verməliyəm ki, mənim övladlarım xoşbəxt olsun” . Babamın üç həyat yoldaşı olub. Onlar bir evin içində yaşayıblar. Övladları ögey olsalar da, çox mehriban dolanıblar. Üç həyat yoldaşından ikisinin övladı olub. Yəhudi həyat yoldaşının isə övladı olmayıb. O İslamı qəbul edib. Atam dünyasını dəyişib. Lakin ulu babamın digər nəvələri Ələkbər, Rauf, Faiq, İkram, Roman sağdılar.
- Türkiyədə ev almısız. Xeyirli olsun. Həmişəlik köçüb orada yaşamaq fikriniz yoxdur?
- Xeyr. O evi istirahət məqsədi ilə almışam. Otellərə pul verməkdənsə, öz evimdə qalmaq məsləhətdir. Mənə qalsa, Azərbaycanın bütün rayonlarında iki və ya üç otaqlı mənzil alardım ki, ürəyim istəyəndə gedib dincəlim.
- 21 ildir ki, ananızdan qardaşınızın ermənilər tərəfindən öldürüldüyünü gizlədirsiz. Heç kəsə demədiyiniz daha başqa sirriniz varmı ki, o elə sizinlə qalacaq?
- Qardaşım barədə sirri bundan sonra 21 il də keçsəydi, deməyəcəkdim. Sadəcə jurnalist araşdırması və mənə ünvanlanan sualların cavabını verdim deyə bu açıqlandı. Qardaşımın Qarabağda şəhid olmasını bu gün də anamdan gizlədirik. Onu aldadırıq ki, oğlun sağdı, əsirlikdədir, ya da bəlkə də başqa ölkədədir. Darıxma nə vaxtsa, gələcək.
- Qardaşınızdan sizə xatirə nə qalıb?
- Əsasən uşaqlıq xatirələr. Yadıma gəlir məktəbdə oxuyanda dedi ki, məndən yuxarı sinifdə oxuyan bir şagird mənə sataşır, məni incidir. Gedək onun cavabını ver. Mən də getdim məktəbə, həmin şagirdi tapıb acıqlandım və başa saldım ki, qardaşımla bir də işi olmasın. Qəribədir. Vaxtilə mən qoruduğum qardaşım sonradan vətəni qorumaq üçün məndən də yüksək rütbəyə, şəhidlik zirvəsinə qalxdı.