Fransanın tanınmış müğənnisi və aktyoru Patrik Bryuel polis tərəfindən saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Nanter prokurorluğunun açıqlamasına görə, 67 yaşlı sənətçi seksual xarakterli zorakılıq, zorlama cəhdi və zorlama ittihamları ilə bağlı aparılan istintaq çərçivəsində dindirilir.
Bildirilib ki, hazırda 13 qadın Patrik Bryueli 1997-2012-ci illərdə törədildiyi iddia olunan seksual xarakterli cinayətlərdə ittiham edir.
İstintaq fonunda sənətçi iyunun ortalarında Parisdə başlamalı olan qastrol səfərinin böyük hissəsini ləğv edib. Bundan başqa, Parisdəki teatrlardan biri feminist təşkilatların etirazlarından sonra onun iştirakı ilə nəzərdə tutulan son beş tamaşanı repertuardan çıxarıb. Ötən həftə isə Kanadanın Monreal şəhərində keçirilməsi planlaşdırılan üç konsert də ləğv olunub.
Müğənninin vəkilləri yaydıqları bəyanatda müvəkkillərinin istintaqla əməkdaşlıq edəcəyini və günahsız olduğunu sübut etməyə çalışacağını bildiriblər.
Məlumata görə, cinayət işi əvvəlcə üç qadının şikayəti əsasında başlanıb, daha sonra şikayətçilərin sayı 13-ə yüksəlib.
Şikayətçilər arasında teleaparıcı Flavi Flament də var. O iddia edir ki, 1991-ci ildə, 16 yaşı olarkən Patrik Bryuel ona narkotik maddə verərək Parisdəki evində təcavüz edib. Həmin vaxt müğənninin 32 yaşı olduğu bildirilir.
Hazırda hüquq-mühafizə orqanları bütün epizodlar üzrə araşdırmaları davam etdirir.