Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Tahir İmanov: “Məhəllə”miz dəyişir, dəyişməyən təkcə Eliş və Roşkadır - MÜSAHİBƏ
“Planet Parni iz Baku”nun sənət əsəri olan “Məhəllə 3” 15 ildən sonra efirə qayıdır. Martın 3-də bu filmin Heydər Əliyev Sarayında böyük təqdimatı baş tutacaq.
Quruluşçu rejissoru İsmayıl Zeynalovun olduğu filmin köhnə qəhrəmanları dəyişməz olaraq Tahir və Cabir İmanov qardaşlarının oynadığı Eliş və Roşkadır.
Oxu.Az filmin prodüseri Tahir İmanovdan müsahibə alıb.
“15 ildə “Məhəllə”miz çox dəyişib”
– Tahir müəllim, sonuncu “Məhəllə” 2004-cü ildə çəkilmişdi. 15 il sonra “Məhəllə” yenidən ekrana qayıdır. Bu 15 ildə “Məhəllə”də çoxmu şey dəyişib?
– Təbii ki, özümüz dəyişiriksə, “Məhəllə”miz də dəyişir. Dəyişməyən “Məhəllə”nin əbədi sakinləri – Eliş və Roşkadır...
– Deyəsən, onların geyimləri də dəyişmir.
– Artıq geyimləri də dəyişir. Tamaşaçıları intizarda saxlayacağıq. Çünki filmin ilk hissəsində onlar tamamilə fərqli görkəmdə olacaq. Ancaq filmdə baş verən hadisələr onları köhnə paltarlarını, “şap-şup”larını geyinməyə məcbur edəcək. Bu obrazları yaradanda cəmi 24-25 yaşımız vardı, indi isə 45 yaşdayıq. Bununla belə, qərara gəldik ki, Eliş və Roşka sovet cizgi filmlərinin qəhrəmanları “Leopold”, “Çeburaşka” kimi, əvvəldən necə varsa, elə də qalsınlar. İllər keçsə də, onların yaşları da dəyişməyib. Bizim yaşımız isə keçir. Fikirləşdik ki, beş il də keçsə, biz o obrazları həmin yaşda canlandıra bilməyəcəyik...
Sualınıza gəlincə, “Məhəllə” dəyişib. Yeni hadisələr, yeni macəralar peyda olub. Ona görə də Eliş və Roşkanın şəhərin mərkəzində baş verən bu hadisələrə baxışını, mövqeyini mütləq ortaya qoymalıydıq. Düşünürəm ki, buna nail olduq.
– “Məhəllə 2 Moskvada” özünü çox gözlətmədi. “Məhəllə 1”dən bir il sonra çəkildi. Hər iki film çox uğurlu alındı və geniş auditoriya tərəfindən izlənildi. Bəs “Məhəllə 3”ün 15 il gözləməsinə səbəb nə oldu?
– Əslində, bu filmlərin arasında səkkiz dəfə “Məhəllə” “Planet Parni iz Baku” KVN teatrının səhnələrində yer alıb. Ona görə deməzdim ki, elə böyük fasilə olub. Sonuncu “Məhəllə”ni teatr səhnəsində 2012-ci ildə göstərmişik. Onda qərara gəldik ki, böyük bir fasilə verək. Bununla filmin ajiotajı da böyük olacaq. Nə qədər çox gözlənilsə, effekti də gözəl alınar. Mən buna böyük fasilə yox, “pauza” deyərdim. Pauza isə uzunmüddətli olmur.
“Onu təqdim edəndə fikirləşdim ki, bu aktrisaya heç kastinq də lazım deyil”
– Siz hər filminizdə Xalq artistlərinə müraciət edirsiniz. Konkret “Məhəllə”dən götürsək, Nəsibə Zeynalova, Yaşar Nuri, Hacı İsmayılov, Aftandil İsrafilov, Əjdər Həmidov kimi Xalq artistləri ilə işləmisiniz. Bu dəfə yeni sima kimdir?
– Bu dəfə daha bir Xalq artistimiz Nübar Novruzovanı bu filmə dəvət etmişik. Əslində, bu, Nübar xanımla ikinci işimizdir. Epizodik olsa da, mən onunla birgə Yuli Qusmanın 2013-cü ildə çəkdiyi “Qorxma, mən səninləyəm! 1919” filmində yer almışam. Bu dəfə o da məhəllənin yeni sakinidir.
Özünə də demişəm ki, onunla işləmək uşaqlıqdan arzum olub. Çünki gözümü açandan Nübar xanımı televiziya tamaşalarında görmüşəm. Yaradıcı qrupa Nübar xanımı təqdim edəndə fikirləşdim ki, bu aktrisaya heç kastinq də lazım deyil. Yüz faiz əmin idim ki, o, rolunu ən yüksək səviyyədə oynayacaq, belə də oldu.
Düz qeyd edirsiniz ki, filmlərimizdə hər dəfə bir Xalq artistinə müraciət edirik. “Məhəllə”nin əvəzedilməz sahə müfəttişi roluna biz əvəzolunmaz aktyor Hacı İsmayılovu dəvət etmişik. Biz onunla 2003-cü ildə işləmişdik. Kimisi ulduz xəstəliyinə tutulur, kimisi deyir ki, sizinlə bir də başqa layihələrdə işləmək istəmirəm. Amma Hacı müəllimə zəng edəndə böyük məmnuniyyətlə bizimlə işləyəcəyini dedi. Yəqin ki, işimiz onu qane edib ki, bu cavabı eşitdik. Belə aktyorlardan müsbət cavab alanda başa düşürsən ki, sənin əziyyətin boşa getməyib.
Dediniz ki, əvvəlki “Məhəllə”lər uğurlu alınıb. İlk “Məhəllə” çəkildikdən sonra bir neçə aktyor, jurnalist bu filmi pislədi. Daha dəqiq desəm, əksəriyyəti pislədi. Biri “səviyyəsiz filmdir” dedi, o biri “KVN-çilər hara, kino hara” dedi, üçüncü qisim isə “bu cür bayağılıq Azərbaycan film tarixində hələ olmayıb” kimi fikir səsləndirdi. Məsələn, ANS “Nəsibə Zeynalova kimi korifey aktrisamız necə belə filmdə çəkilməyə razılıq verdi? Yəqin, onun maddi durumu yaxşı olmayıb deyə, çəkilib” dedi. İllər ötdü ki, həmin o aktyor və aktrisalarımız fikirlərini dəyişdi və “Məhəllə”ni artıq şedevr adlandırmağa başladılar. Halbuki özüm onu belə adlandırmazdım. “Məhəllə” normal, gülməli, hardasa satirik bir filmdir.
Görəsən, niyə biz işləyən adamların zəhmətinə qiymət verə bilmirik? Niyə biz adama yalnız öldükdən sonra əfsanə, korifey deyirik, niyə ona sağlığında qiymət vermirik? Nəsibə Zeynalova sağ idi, ona sağlığında niyə o sualı vermirdilər? Yeri gəlmişkən, “Məhəllə” Nəsibə xanımın sonuncu filmi oldu. Allahıma şükür edirəm ki, mən, qardaşım, rəhmətlik Elçin Həmidov böyük sənətkarla çəkiliş meydançasını bölüşdük. Ramiz Fətəliyev kimi dramaturq, kinossenaristi o filmə dəvət etdim. Demək olar ki, təmənnasız o filmdə rejissorluq etdi.
Bir adam da sevinmədi ki, onun kimi böyük şəxsiyyət, Xalq artisti yaradıcılığını davam etdirir. Onunla iş birliyimiz son illər daha da sıx olub. Biz başqa ölkələr üçün ssenari yazıb layihələr həyata keçiririk. Moskvadan böyük rejissor və prodüserlər yalnız Ramiz Fətəliyevin əlini sıxmaq üçün bura gəlir. Çünki deyirlər ki, o, sovet məktəbinin ən sonuncu nümayəndəsidir. Bu cür adamların qiymətini bilmək lazımdır.
Belə çıxır ki, əcnəbilər burdakıların qədrini bilir, amma bizim bəzi jurnalistlər ağızlarına gələni yazırlar ki, populyarlıq qazansınlar. 2017-ci ildə “Bəxt üzüyü 2” filmi çəkiləndən sonra müsbət rəylər çox olsa da, mənfiləri də vardı. Amma mən “Məhəllə” barədə fərqli şeylər deyən adamlardansa, onlara daha çox hörmət edirəm. Əsas odur ki, fikirlərini dəyişməsinlər. Çünki bu, onların mövqeyidir və buna hörmətlə yanaşıram.
İncəsənət elə bir sahədir ki, zövq məsələsidir. Məsələn, rokdan, aşıq mahnılarından hamının xoşu gələ bilməz. Aşıq musiqilərindən xoşum gəlsə də, dastanlar oxunanda bəyənmirəm. Bu da mənim hüququm, mənim zövqümdür. Hard-rokdan, bayağı meyxanalardan xoşum gəlmir. Ona görə də filmlərdən də hamının xoşunun gəlməsi düz olmaz. Ancaq subyektiv fikirləri obyektiv kimi təqdim etmək qəbahətdir. Müsahibələrimdə həmişə deyirəm ki, bu, mənim subyektiv fikrimdir və hamısının düz olduğunu iddia etmirəm.
“Heydər Əliyev “Qüdrət”siz “Məhəllə”yə gülüb”
– Fikirlərini dəyişən insanlardan martın 3-dəki qala gecəyə dəvət etdikləriniz varmı?
– Xeyr. Böyük təqdimata – “qala gecə” sözündən xoşum gəlmir – başda Oxu.Az olmaqla, mətbuatdan dörd, maksimum beş sayt dəvət edəcəyik. Artıq savadsız jurnalistlərlə ünsiyyətdə olmaq, onlara dəyərli vaxtımı sərf etmək istəmirəm. Keçənilki konsertimizə Amaliya Pənahovanı dəvət etmişdik. Bizim sənətimiz bir kənarda qaldı, başladılar Xalq artistinin xarici görkəmindən yazmağa. Mən də daxil olmaqla, əksəriyyətimiz onun xərçəng xəstəliyindən əziyyət çəkdiyini bilmirdik.
Ortada konsert ola-ola mənim qonaqlarımla, dostlarımın həyat yoldaşları ilə sizin nə işiniz var? Bu, “sarı mətbuat” deyil, bəs nədir? Deməli, şəhərin intelligent hissəsi, bizim məmurlar gəlib konsertimizi ayaq üstdə alqışlayır, xaricdən bizə ildən-ilə satiramızın gücləndiyinə dair təbrik zəngləri gəlir, amma bizim bəzi jurnalistlər səhnədən yazmağa bir şey görmür. Hər bir işdə qalmaqal axtarmaq qəbahətdir. Məsələn, “mərhum Energetika naziri Natiq Əliyevin gəlini Səfurə Əliyeva filan tədbirə qoşuldu” yazılan məqaləni bəyənmirəm.
Səfurə Əliyeva “Avroviziya”da Azərbaycanı təmsil edəndə niyə belə yazmırdınız? Onun öz nailiyyətləri yoxdur ki?! Bu, “sarı”lıq deyilsə, bəs nədir? Tahir İmanov deyirsiniz. Onda məntiqlə bəstəkar, Xalq artisti, professor, dövlət mükafatı laureatı Süleyman Ələsgərovun nəvəsi Tahir İmanov kimi təqdim edilməliyəm.
Bəzi saytlar “Məhəllə 3” barədə belə məlumat verir: “Məhəllə 3 gəldi, Qüdrətsiz”. “Məhəllə” yaradılanda Qüdrət harda idi axı?! İlk “Məhəllə” 2000-ci ildə “Parni iz Baku”nun KVN komandasının konsertində olub. Qüdrət rolu isə ancaq 2003-cü ildə filmdə çəkilib. Ümumilli liderimiz Heydər Əliyev mən, Cabir İmanov və Bəhram Bağırzadənin əsas rolda olduğu “Qüdrət”siz “Məhəllə”yə gülüb.
2000-ci il dekabrın 30-da bizi qəbul edəndə ümummilli liderimiz ən çox Roşkanın işlətdiyi “Nazarbayev bilsə ki onun şəklini kim tutub, Bakıya gəlməzdi” cümləsinə gülürdü. Nə tez yaddan çıxdı bu? Və ya biri yazır: “Məhəllə 3” gəlir.
Onun quruluşçu rejissoru Ramiz Fətəliyevdir”. Ay qardaş, ay bacı, Ramiz Fətəliyev nəinki “Məhəllə 3”ün, heç “Məhəllə 2”nin də rejissoru olmayıb. Sonra yazır: “Məhəllə 3” filmi bəstəkar Süleyman Ələsgərov və onun həyat yoldaşı Ağgül xanımın səksən illik yubileyinə həsr olunur”. Süleyman Ələsgərovun yubileyi ölkə başçısının sərəncamı ilə 2004-cü ildə dövlət səviyyəsində qeyd olunub (gülür).
Məlumat almaq üçün mənim telefonumu bilmirlərmi? Bilirlər ki, zəng etsələr, qalmaqaldan kənar cavab verəcəyəm. Bilirlər ki, bu cür qalmaqalsız yazılar reytinq qazandırmır, ona görə də ağızlarına gələni yazırlar.
Böyük təqdimata dəvət etdiyimiz jurnalistlərin tədbir barədə yazıları qalmaqaldan uzaq olsa da, savadlı insanlar yüz faiz o məqaləni oxuyacaq. Çünki savadlı insana qalmaqal lazım deyil.
“Siz Məzini bu filmdə görəcəksiniz”
– Əvvəlki iki “Məhəllə” filmində mərhum Elçin Həmidovun oynadığı “Məzi” rolu da vardı. Həmidovun yoxluğunda bu rolu oynayan olacaq?
– Elçini əvəz etmək çox çətin məsələdir. Demək olar ki, mümkünsüzdür. Gördüyünüz kimi, “Planet Parni iz Baku” KVN teatrının səhnəsində də biz onun rolunu heç kimə verməmişik. Belə aktyorlar bir dəfə gəlir. Ola bilsin ki, gələcəkdə ondan yaxşısı olsun, amma Elçin kimisi olmayacaq... Təbii ki, o obraz bu dəfə yoxdur. Bu barədə çox fikirləşdik. Dedik, guya onun kənarda uşağı və ya atası vardı, onları çıxaraq. Amma biz əvvəlki filmlərdə də Məzini tanıtmamışdıq, onun ailəsi haqda heç nə danışmamışdıq. Ona görə də düşündük ki, bu mövzuya toxunsaq, bəzi stereotipləri qırmış olacağıq.
Bunu gələn dəfəyə saxlamağa qərar verdik. Bu dəfəki “Məhəllə”də şəhər sakinlərinin həyatında baş verən əsas hadisələrdən bəhs edəcəyik. Bu da Sovetskinin sökülməsidir. Bu hadisəni isə bir filmə sıxışdırmaq çox çətin olsa da, buna nail olduq... Amma siz Məzini filmdə görəcəksiniz. O gün saydıq, bizimlə işləyən aktyor və aktrisaların beşi həyatda yoxdur. Bunlar Elçin Həmidovdan başqa, Nəsibə Zeynalova, Yaşar Nuri, Ramiz Sərkərov və Ələsgər Məmmədoğludur. Biz bu filmdə həmin bu beş nəfəri qoruyub saxlamışıq. Necə? Tamaşaçı gəlsin, baxıb görsün.
“Arif Quliyev dedi ki, sizinlə işləmək istəyirəm”
– Bayaq sual verəcəkdim ki, hər dəfə bir məşhur aktyora filmlərdə şans verirsiniz. Bu ənənəni konsertlərinizdə də davam etdirmək mümkündür?
– Niyə də yox?! İnanırsınız, mən heç bu barədə düşünməmişdim... Bəlkə də, siz məşhur Xalq artistimiz, gülüş ustamız Arif Quliyevlə sözləşib bu müsahibəyə gəlmisiniz (gülür). Bir neçə gün bundan qabaq Arif müəllim şəxsən mənə zəng vuraraq dedi ki, sizinlə bütün layihələrdə iştirak etmək istəyirəm. Dedi ki, sizin satiranız güclüdür, böyük məna daşıyır, artıq indikilərlə işləyə bilmirəm.
Bizimlə “Bəxt üzüyü 2” filmində epizodik rolda yer alsa da, çəkiliş qrupumuz, iş prinsipimiz onun çox xoşuna gəlib. Mən də dedim ki, bizim məşqlərimiz var, bu yaşda çatdırmağınız çətin məsələdir. Dedi ki, ona görə narahat olma, rəhbər kimi sən nə desən, onu da edəcəyəm. Arif müəllimin yadına saldım ki, 7-8 yaşımda Şıxəli Qurbanov adına Musiqili Komediya Teatrına ailəmizlə gəlmişdim. Orda Süleyman Ələsgərovun mahnılarını bəstələdiyi “Olmadı belə, oldu belə” tamaşası gedirdi və Arif müəllim orda Şaqqulu obrazını oynayırdı. Dedi, hə. Hətta dedim ki, sizinlə birgə şəkillərim də var.
Həmin tamaşa getdiyim ilk tamaşa olub. Babam həmin tamaşada dirijorluq edirdi. Səhnədə Siyavuş Aslan, Arif Quliyev kimi məşhurlar oynayırdı. Heç təsəvvürümə gətirməzdim ki, illər keçəcək və siz mənə deyəcəksiniz ki, sizinlə işləmək istəyirəm. Bu, bizim sənətimizə böyük sənətkar tərəfindən verilən ən yüksək qiymət deməkdir. Təbii ki, bu təklifi qiymətləndirməliyik...
– Apreldəki konsertinizdə biz onu səhnədə görə biləcəyikmi?
– Hələ bu barədə danışmaq tezdir. Çünki özümüz hələ məşqlərə başlamamışıq. Məşqlər üçün iki aydan çox vaxtımız var.
ardı var...
Səbuhi MUSAYEV
FOTO: Ramil Zeynalov
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda iş adamı onu ev pişiyinə oxşadan işçisini vəhşicəsinə döydü - ANBAAN GÖRÜNTÜLƏR
- Bakıda erməni görsəniz, nə edərsiniz? - Sakinlər arasında maraqlı SORĞU
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
Rəylər