Vaşinqton və Tehran arasında münasibətlərin danışıqlar müstəvisində davam edəcəyi gözlənilsə də, tərəflər arasında gərginlik yenidən artıb. Bir tərəfdən, ABŞ Administrasiyası mümkün razılaşma və diplomatik həll variantlarını gündəmdə saxladığını bildirsə də, digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp İrana qarşı zərurət yaranacağı təqdirdə daha sərt və güclü zərbələr endirməyə hazır olduqlarını bəyan edib. Bu ziddiyyətli mesajlar ABŞ-nin əsas məqsədinin sülhə nail olmaq, yeni razılaşma əldə etmək, yoxsa Tehranı danışıqlar masasına təzyiq yolu ilə qaytarmaq olduğu barədə suallar yaradır. Bəs mövcud geosiyasi vəziyyət fonunda proseslər hansı istiqamətdə inkişaf edə və region üçün hansı nəticələr qeydə alına bilər?
Mövzunu Oxu.Az-a şərh edən Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru, politoloq Fərhad Məmmədov bildirib ki, gedişat eskalasiyanın artacağını göstərir:

"İran tərəfində qərar qəbuletmə sistemi onsuz da mürəkkəb idi, amma hazırda ölkədə ikitirəlik formalaşıb və SEPAH (İslam İnqilabı Keşikçilər Korpusu) hər vəchlə çalışır ki, eskalasiya dərəcəsini yüksək saxlasın".
"Eyni zamanda, Amerika Birləşmiş Ştatları da eskalasiyanın artmasında maraqlıdır. Çünki avqust elə bir aydır ki, Tramp bu müddətdə müəyyən nəticələr əldə etməlidir ki, noyabrın 3-də Konqresə keçiriləcək aralıq seçkidə həmin nəticələrlə iştirak etsin", - deyə analitik vurğulayıb.
Onun sözlərinə görə, hazırkı vəziyyət gərginliyin artacağını göstərir:
"Böyük ehtimalla, ABŞ gələn ay İranın daxili siyasətində növbəti moderasiya imkanlarından yararlanacaq. Yəni İran hakimiyyətində Birləşmiş Ştatların istədiyi razılaşmaya qarşı çıxan hərbi-siyasi qrupları, böyük ehtimalla, xüsusi əməliyyatla aradan götürmə cəhdləri olacaq".