ABŞ-İran qarşıdurması yeni mərhələyə keçir. Rəsmi Vaşinqton 24 avqustda İran iqtisadiyyatını daha da təcrid etməyə yönələn genişmiqyaslı yeni sanksiya kampaniyası elan edib. ABŞ Maliyyə naziri Skott Bessentin açıqladığı tədbirlər çərçivəsində islam ölkəsinin neft gəlirləri, maliyyə şəbəkələri, daşımalar, aviasiya, texnologiya və digər sahələrlə əlaqəli təxminən onlarla şəxs, şirkət və gəmi hədəfə alınıb. Eyni zamanda İranla ticarət və maliyyə əlaqələrini davam etdirən üçüncü ölkələrin şirkət və maliyyə qurumlarının da ABŞ-nin ikinci dərəcəli sanksiyaları ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edilib. Maraqlıdır, Vaşinqton niyə hərbi və diplomatik təzyiqlərdən iqtisadi basqılara keçmək qərarı verdi? Bu siyasət Tehranı güzəştə getməyə məcbur edə bilərmi? Əgər üçüncü ölkələr də sanksiya təhdidi ilə üz-üzə qalırsa, bunun İranla yanaşı, Tehranın digər ticarət tərəfdaşlarına, eləcə də qlobal enerji və maliyyə bazarlarına hansı təsirləri ola bilər?
Mövzu ilə bağlı Oxu.Az-a danışan siyasi elmlər üzrə fəlsəfə doktoru Şəbnəm Həsənova bildirib ki, Amerika Birləşmiş Ştatlarının İrana qarşı nəzərdə tutduğu sanksiyalar sadəcə bu dövlətə deyil, dünya ölkələrinin iqtisadiyyatına da təsir edəcək:

"İran ABŞ-nin ölkəni qlobal iqtisadiyyatdan təcrid etməyə yönələn və Vaşinqtonun "iqtisadi D-Day" adlandırdığı genişləndirilmiş sanksiyalarına qarşı mübarizə apara biləcəyinə əminliyini ifadə edir. İranın iqtisadiyyat naziri Əli Mədənizadə bildirib ki, Tehran bu sanksiyalara tam hazırdır və qadağalar ABŞ-nin özü üçün daha bir məğlubiyyət olacaq. Digər tərəfdən ABŞ-nin maliyyə naziri Skott Bessent yeni tədbirlər paketini elan edərkən bildirdi ki, bu, yalnız İranı deyil, onunla maliyyə əməkdaşlığı edən istənilən ölkəni də əhatələyəcək. Hətta Bessent ritorikasında təhdidə də keçərək qeyd etdi ki, İranla işləyən banklar və şirkətlər əlaqələri kəsməkdən imtina edərlərsə, o zaman İranla birlikdə onlar da təcrid olunacaqlar. Ağ Ev münaqişəyə son qoymaq cəhdləri fonunda mövqeyini bir neçə dəfə dəyişdirib. Lakin görünür, indiyədək həyata keçirilmiş ən böyük maliyyə hücumunu tətbiq etməkdən başqa variantı qalmayıb. Burada isə İranın ən böyük ticarət tərəfdaşları da təsirlənir. Onların arasında Çin, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri var. BƏƏ ötən həftə bildirdi ki, Tehranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandıracaq. Lakin ABŞ-nin açıqlamasından bir neçə saat sonra İran ticarət tərəfdaşlarının Tehranla biznes əlaqələrinə davam edəcəyinə əminliyini ifadə etdi. Hətta Mədənizadə bildirir ki, nə Çin, nə də Rusiya bu təhdidlər qarşısında susqunluq nümayiş etdirməyəcək, sanksiyalara qarşı müqavimət göstərəcək".
"İran özünün ikiillik planı olduğunu da qeyd edir. Görünən odur ki, Tehran bu addımları gözləyirmiş və ona görə də hazırlıq görüb. Buna görə də Mədənizadə bildirir ki, oyunu necə oynamaq lazım olduğunu bilirlər. Pekindən də cavab gecikmədi. Çin Xarici İşlər Nazirliyi bildirdi ki, ölkənin maraqlarını qorumaq üçün hər şey ediləcək. Təbii ki, müharibə qlobal neft qiymətlərinin artmasına səbəb olur. Bu səbəbdən İran da susqunluq nümayiş etdirmir. Müharibə davam edəcəyi təqdirdə, regiondan bütün neft ixracını dayandıracağı ilə bağlı xəbərdarlıq edir. Hətta İran rejimi gəmilərə icazə olmadan Hörmüz boğazından keçməmək barədə yeni bir şərt qoydu. Dünyadakı neft və qazın təxminən beşdə biri İranın cənubunda yerləşən dar su yolu olan Hörmüzdən keçir. Lakin fevraldan bəri hərəkət faktiki olaraq bloklanır. Bu da qiymətlərin artmasına səbəb olur. İqtisadi təcrid əməliyyatı müharibənin yeni fazaya keçdiyini göstərir", - deyə analitik vurğulayıb.
Onun sözlərinə görə ABŞ beş sektoru hədəf seçib:
"Buraya rəqəmsal aktivlər, texnologiya, qızıl, aviasiya və gəmiçilik daxildir. Həmçinin ABŞ Maliyyə Nazirliyi 60 qurumu, fiziki şəxsi və gəmini də sanksiyalara məruz qoyub. Bessent ritorikasında çox sərtdir, qeyd edir ki, heç bir tərəf bu fəaliyyətə şərait yaratdığını bilmədiyini iddia edə bilməz. Məsələnin digər cəhəti ondan ibarətdir ki, Bessent konkret ölkələrin adlarını çəkməkdən imtina etdi. Amma onu da əlavə edir ki, Tramp dünya liderlərinə zəng edəcək və rejimlə əlaqələri dayandırmaları üçün konkret tələblər irəli sürəcək. Deməli, ABŞ-də də tam əminlik yoxdur. Bu baxımdan, düşünmürəm ki, yeni paket İranın enerji axınlarına ciddi təsir edəcək. Təsir məhdud olacaq. Çünki İran neftinin təxminən 90%-i Çinə gedir. Bundan öncə də Çin ABŞ sanksiyalarını tanımadı, bu dəfə də bu sanksiyaların qarşısında geri çəkiləcəyini zənn etmirəm. Bundan öncə də Tramp bütöv bir sivilizasiyanı məhv edəcəyi ilə bağlı hədələmişdi. Ardınca Pakistanın vasitəçiliyindən sonra diplomatiyaya çağırış edildi.
Lakin inkarolunmaz reallıqdır ki, müharibənin iqtisadi təsirləri bütün dünyada hiss olunur. Hətta ABŞ-li seçicilərin əsas narahatlıqları arasında olan məsələlərdən biri benzinin qiymətin qalxmasıdır. Bu, şübhəsiz ki, aralıq seçkiləri ərəfəsində heç də müsbət amil deyil. Düşünürəm ki, bu açıqlamaların təsiri isə qısa müddətli olacaq. Bu istiqamətdə ABŞ-yə sadəcə İran deyil, bir çox aktorlar müqavimət göstərəcək. Çünki İran müharibəsinin iqtisadi təsirləri ABŞ-də və bütün dünyada hiss olunur. Neft qiymətlərinin artması yaşayış xərclərinin bahalaşması ilə bağlı narahatlıqları gücləndirib. Benzin və dizel qiymətləri ötən illə müqayisədə xeyli yüksəlib. Bu da daxili siyasətlərə təsirsiz ötüşmür. Bu baxımdan sanksiyaların sürəti balanslaşdırılacaq".