"Ötən il Azərbaycan və Rusiya arasında avtomobillə yükdaşımalarının həcmi 5.4 milyon tondan artıq olub".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu baş nazirin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.

Onun sözlərinə görə, əvvəlki illə müqayisədə sözügedən göstərici təxminən 9% artıb.
"Bu gün imzalanması nəzərdə tutulan "e-CMR" elektron qaiməsinin tətbiqi üzrə yol xəritəsi mühüm əhəmiyyət kəsb edir. Bu sənədin həyata keçirilməsi nəqliyyat-logistika sahəsinin rəqəmsallaşdırılması yolunda mühüm addım olacaq, daşıma prosedurlarını əhəmiyyətli dərəcədə sadələşdirməyə və ölkələrimiz arasında yük axınlarının şəffaflığını və səmərəliliyini artırmağa imkan verəcək", - deyə hökumət rəsmisi qeyd edib.
Ş.Mustafayev əlavə edib ki, coğrafi mövqeyinə görə Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" marşrutlarında mühüm tranzit qovşağı kimi çıxış edir:
"Tərəfdaşlarımızla, o cümlədən Rusiya ilə birlikdə bu dəhlizləri tam buraxılış gücünə çıxarmaq məqsədilə infrastrukturun modernizasiyası və inkişafı üzrə sistemli iş aparılır. Azərbaycan öz ərazisində nəqliyyat infrastrukturunun inkişafına böyük investisiyalar yatırıb".