"Qərbi Azərbaycan İcması son 200 ildə Ermənistan ərazisindən mərhələ-mərhələ qovulan milyonlarla insanı, onların varislərini birləşdirən ictimai təşkilatdır. İcmanın fəaliyyətinin ana xətti həmin insanların, xüsusilə 1987-ci ildə başlanan Ermənistan-Azərbaycan münaqişəsinin ilk mərhələsində öz ata-baba yurdlarından qəddarcasına qovulan 300 min nəfər qaçqının öz evlərinə dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etməkdir".
Oxu.Az xəbər verir ki, bu fikirləri Qərbi Azərbaycan İcmasının (QAİ) İdarə Heyətinin sədri Əziz Ələkbərov Bakıda keçirilən "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa və sülhə aparan yol kimi" mövzusunda III beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, İcma beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə, eləcə də sülh, barışıq və birgəyaşayış dəyərlərinə hörmət edir:
"Bu məsələyə dair məlumatlılığın artırılması, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə dialoq istiqamətində fəaliyyət İcmamızın daim diqqət mərkəzindədir. Qeyd edilən məzmunu ehtiva edən çoxsaylı müraciətlərimiz BMT-nin ali orqanlarının - Baş Assambleyasının, Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi yayılıb.
Həmin sənədlərdə biz dünya ictimaiyyətini Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri və mahiyyəti barədə məlumatlandıraraq bildirmişik ki, ermənilərin Qərbi Azərbaycanda soydaşlarımıza qarşı fərdi və kollektiv cinayətlərinin tarixi 200 il bundan əvvələ gedib çıxsa da, son 100 ildə bütün hüdudları aşıb. Əvvəl 1905-ci ildə, sonra 1918-1921-ci illərdə, daha sonra 1948-1953-cü illərdə, nəhayət 1987-1991-ci illərdə xalqımıza qarşı saysız-hesabsız cinayətlər törədilib. Təkcə sonuncu deportasiya zamanı - 1987-1991-ci illərdə Ermənistanda 200 nəfərdən çox dinc azərbaycanlı sakin etnik və dini zəmində ermənilər tərəfindən qətlə yetirilib, 400-dən artıq soydaşımız bədən xəsarəti alıb".
İcma sədri vurğulayıb ki, 300-ə yaxın yaşayış məntəqəsindən qovulan azərbaycanlılara fərdi və ictimai təsərrüfatlar üzrə on milyardlarla ABŞ dolları həcmində maddi ziyan vurulub:
"Yeraltı-yerüstü sərvətləri, tarixi-mədəni abidələrə vurulan ziyanı da bura əlavə etsək, bu rəqəm bir neçə dəfə artar. Mənəvi ziyanı isə heç bir məbləğlə əvəz etmək mümkün deyil. Lakin təəssüf ki, Ermənistan tərəfi bütün bu cinayətlərə görə nəinki hüquqi məsuliyyət daşımaq istəmir, üstəlik, ata-baba yurdundan qovulan insanların geriyə qayıdış hüququnu inkar edir.
Ən dəhşətlisi isə odur ki, bu münaqişədən təkcə insanlarımız yox, həm də dünya mədəni irsinin tərkib hissəsi olan mədəni irsimiz ziyan çəkir, tarixi-dini abidələr dağıdılır, qəbiristanlıqlar məhv edilir, mənəvi mühitlər yoxa çıxır. Bu, bəşəri cinayətdir və biz Ermənistanda Azərbaycan mədəni irsinə qarşı bu vandalizmin durdurulması üçün UNESCO-ya da dəfələrlə çağırışlar etmişik. Hətta bu məsələ ilə bağlı UNESCO-ya müraciətimiz BMT-nin rəsmi sənədi kimi yayılıb. Bütün bunlara baxmayaraq, İcmamız bölgəyə sülhün, əmin-amanlığın gəlməsi üçün barışıq yolunu tutmuş, beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə, eləcə də sülh və birgəyaşayış dəyərlərinə hörmət edərək Ermənistan hökuməti ilə dialoq üçün dəfələrlə təkliflər göndərib. İcmanın davamlı dialoq cəhdlərinə baxmayaraq, Ermənistan tərəfi hələ də çağırışlarımıza cavab vermir.
Bu il avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüş, Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin birgə Bəyannaməsi, iki ölkə arasında sülh sazişinin paraflanması, nəhayət, bölgəyə sülhün gəlməsinə inamı artırıb".
Ə.Ələkbərli bildirib ki, Qərbi Azərbaycan İcması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın dialoq səylərini alqışlayır və bu danışıqlara öz doğma ocaqlarımıza qayıdış üçün açılan qapı kimi baxır:
"Çünki bağlanacaq hər hansı sazişin dayanıqlığı bu iki xalqın - erməni və azərbaycanlıların birgəyaşayışına bağlıdır. Bunun yeganə yolu isə bizim doğulub boya-başa çatdığımız ərazilərə sülh yolu ilə qayıdış hüququmuzun tanınması və təmin edilməsidir. Buna görə də ümid edir və inanırıq ki, Ermənistan rəhbərliyi, nəhayət, İcmamızla konstruktiv dialoqa gəlmək üçün özündə iradə tapacaq və Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması istiqamətində davam edən səylər bizim evlərimizə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmağımıza da kömək edəcəkdir. Bütün beynəlxalq gücləri və təşkilatları da bizim bu haqq işimizi dəstəkləməyə çağırırıq".
Aqil Vəlili