Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İlham Əliyev “ADEX-2018” sərgisi ilə tanış olub - YENİLƏNİB + FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Bakı Ekspo Mərkəzində açılan “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub.
Oxu.Az xəbər verir ki, dövlət başçısı əvvəlcə mərkəzin qarşısında nümayiş etdirilən hərbi məhsullara və texnikalara baxıb.
Müdafiə naziri Zakir Həsənov və müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Prezident İlham Əliyevə məlumat veriblər ki, bu il sərgidə dünyanın 29 ölkəsini təmsil edən 224 şirkət iştirak edir. Regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından ibarət olan genişmiqyaslı bu tədbir müasir silah və avadanlıqların, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişi üçün geniş imkanlar açır. Azərbaycanın hərbi sənaye kompleksinin geniş təmsil olunduğu sərgidə “Matador”, “Marauder” və digər zirehli hərbi texnikalar, o cümlədən tank əleyhinə raket kompleksi böyük maraqla qarşılanır.
Hava hücumundan müdafiə silahlarının və hərbi texnikaların servis xidməti mərkəzinin stendi ilə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, Azərbaycan-Belarus birgə müəssisəsi əsasən silahlanma sistemlərinin təkmilləşdirilməsi və modelləşdirilməsi, hərbi elmi-tədqiqat işi, yeni silahlanma sistemlərinin inkişafı, qoşun və silahlanmada nəzarət sistemləri üçün texniki və proqram vasitələrinin təminatının hazırlanması ilə məşğuldur.
Belarus Respublikası artıq Azərbaycan Beynəlxalq müdafiə sərgisinin fəal iştirakçıları arasındadır. Sərgiyə 10 şirkətlə qatılan Belarus müxtəlif hərbi məhsullarla yanaşı, ağır hərbi texnika da nümayiş etdirir. “Belspetsvneshtechnika” Dövlət Xarici Ticarət Unitar Müəssisəsi yüksək texnoloji məhsulların ixracı sahəsində ixtisaslaşan, hərbi tətbiqlər üzrə texnologiyalar sahəsində intensiv biliyə malik olan aparıcı müəssisədir.
Türkiyənin “Aselsan” şirkəti də artıq üçüncü dəfədir sərgidə iştirak edir və onun təqdim etdiyi məhsullar da maraqla qarşılanır.
Təkərli zirehli texnikanın istehsalı sahəsində ixtisaslaşan Rusiyanın Hərbi Sənaye Şirkəti isə müdafiə, hüquq-mühafizə və terrora qarşı mübarizə sahələrində silsilə tapşırıqların həllinə görə zirehli texnikaları tədarük etməklə 50-dən çox ölkədə dövlət orqanları ilə və özəl şirkətlərlə əməkdaşlıq edir.
İsrailin “Elbit Systems” şirkəti də sərgiyə böyük maraq göstərir və o, dünyada müdafiə, milli təhlükəsizlik və kommersiya təyinatlı silsilə proqramların hazırlanması ilə məşğul olan beynəlxalq şirkətdir. “Elbit” və onun törəmə müəssisələri aerokosmik, quru və donanma sistemləri, komanda, nəzarət, kommunikasiya, kompüter, məlumattoplama, müşahidə və kəşfiyyat, pilotsuz uçuş sistemlərinin istehsalı üzrə fəaliyyət göstərir.
Sonra Prezident İlham Əliyev Baku Ekspo Mərkəzinin daxili pavilyonlarındakı stendlərlə tanış olub.
Qeyd edilib ki, bir sıra ölkələr əvvəlki illərlə müqayisədə milli ekspozisiyaların sahəsini böyüdüblər. Təmsil olunan şirkətlərin sayının çoxluğuna görə ilk dördlüyə Türkiyə, Rusiya, İsrail və Belarus daxildir. İştirakçıların coğrafiyası Estoniya, Hindistan və Qazaxıstan kimi ölkələrin hesabına genişlənib. Ümumilikdə, ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edir. Pavilyonlarda müasir silah və texnikalar nümayiş olunur. Bu sərgidə Türkiyə 41 şirkətlə təmsil olunur. Türkiyə şirkətlərinin ümumi təşkilatçısı olan “Müdafiə Sənayeləri Alt Katibliyi” qurumunun məqsədi özəl sahibkarlıq qismində beynəlxalq tərəfdaşlarla balanslaşdırılmış əməkdaşlığa imkan yaradan müdafiə sənayesini formalaşdırmaqdır.
Türkiyənin 30 illik təcrübəyə malik “Roketsan” şirkəti də sərgiyə məhsullarının geniş çeşidi ilə qatılıb. Şirkət həm yerli, həm də xarici istifadəçilərə özünü təcrübədə doğrultmuş etibarlı həll variantları təklif edir.
ABŞ-ın “Vertex International” şirkəti hərbi və hüquq-mühafizə sahələri üçün həll variantları, eləcə də digər sahələrlə yanaşı, müdafiə sektorunda istismar olunan məhsulların təchizatçısıdır və 200-dən çox brendi təmsil edir.
1991-ci ildən fəaliyyət göstərən Türkiyənin “STM” şirkəti sistem mühəndisliyi, texnoloji təkmilləşdirmə və logistika xidmətləri təqdim edir.
Ukrayna Müdafiə Sənayesi Təşkilatı hərbi və texniki avadanlıqların istehsalı, satışı, təmirı, modernləşdirilməsi və ixracı sahələri üzrə fəaliyyət göstərən və 100-dən çox şirkəti birləşdirən bir qurumdur. Builki sərgidə isə 7 şirkətlə təmsil olunan Ukrayna hərbi-sənaye kompleksi müxtəlif məhsullarını qonaqlara təqdim edir.
Serbiya da sərginin maraqla qarşılanan iştirakçıları arasındadır. Bu ölkədən olan “Yugoimport” şirkəti sistem inteqratoru kimi kompleks döyüş sistemlərinin işlənib hazırlanması və istehsalı üzrə ixtisaslaşıb.
Ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan “Azərsun Holdinq” də “ADEX-2018” Beynəlxalq müdafiə sərgisində iştirak edir. Ziyarətçilərin böyük marağına səbəb olan stenddə "Əsgər payı" quru ərzaq dəsti, konserv və digər qida məhsulları sərgilənir. Bundan əlavə, ziyarətçilərə hazır yeməklər təqdim olunur.
Bu il sərgidə ilk dəfə iştirak edən İtaliyanın “Leonardo” şirkəti helikopterlər, aeronavtika, elektronika, müdafiə və təhlükəsizlik sistemləri sahəsində fəaliyyət göstərir. O, ən səmərəli hərbi hazırlıq avadanlıqları, “M345” və “M346”, eləcə də “C27J” seriyalı hava gəmiləri ilə döyüş təlimi üzrə lider olan bir şirkətdir.
Ukraynanın “Motor SİCH” şirkəti qaz-turbin avadanlıqlarının və helikopterlərin istehsalı, əsaslı təmiri və yenilənməsi xidmətlərini təqdim edir.
Prezident İlham Əliyev İran İslam Respublikasının pavilyonunda da olub. Burada “İran Electonics İndustries” şirkəti, Avionika Sənayesi və Dəniz Sənayesi təşkilatları təmsil olunur.
Dövlət Sərhəd Xidmətinin 2015-ci ildə təsis edilən “Gəmi İnşası və Təmiri Mərkəzi” gəmilərin inşası, bütün növ üzən qurğuların təmiri və onlara texniki qulluq işləri ilə məşğuldur. Zavod müasir struktura və qabaqcıl tərsanəyə malikdir. Şirkət indiyədək “Şahdağ” və “Tufan” tipli çoxlu patrul gəmiləri inşa edib.
Dövlət başçısı Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin pavilyonunda nümayiş etdirilən hərbi məmulatlara baxıb. Qeyd edilib ki, nazirliyin tabeliyinə verilən müəssisələrdə qısa müddətdə yenidənqurma işləri aparılıb, son illərdə həmin müəssisələrin maşın və avadanlıq parkı yenilənib, bu məqsədlə dünyanın inkişaf etmiş ölkələrindən ən son texnoloji avadanlıqlar alınıb quraşdırılıb. Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş ölkələri ilə sıx əməkdaşlıq qurub. 2009-cu ildən başlayaraq nazirliyin müəssisələrində istehsal olunan məhsullar xaricdə keçirilən Beynəlxalq müdafiə sərgilərində də nümayiş olunur.
Müasir silah və texnikanın, habelə milli müdafiə sahəsində Azərbaycanın gücünün və qüdrətinin böyük nümayişinə çevrilən sərgidə son illərdə ölkəmizdə istehsal olunan yüngül və ağır hərbi texnikalar nümayişə çıxarılıb. Atıcı silahlarla təchiz olunan universal “Gürzə” avtomobili, müxtəlif çaplı atıcı silahlar, raket başlıqları, pilotsuz uçuş aparatları və digər hərbi texnikalar sərginin maraq doğuran eksponatları sırasındadır.
Sərginin fəal iştirakçılarından olan “Aselsan” şirkəti sifarişçilərinə hərbi rabitə vasitələri, radiolokasiya stansiyaları, radioelektron mübarizə avadanlığı, elektron və optik cihazlar, çoxfunksiyalı məlumat idarəetmə sistemi, yerüstü, hava, dəniz və kosmik tətbiqlər üçün yüksək texnologiyalı sistem variantlarını təqdim edir.
Hərbi dəniz donanması sahəsində 135 illik təcrübəyə malik olan “Damen” şirkəti istehsal etdiyi keşikçi katerlərini, patrul və döyüş gəmilərini, dəniz desantına dəstək, köməkçi dəniz və bir çox sahilyanı gəmiləri sərgi ziyarətçilərinə təqdim edir.
Dünyada hərbi sənaye kompleksinin inkişafı ilə diqqət çəkən ölkələrdən biri olan İsrail Bakıda keçirilən sərgiyə 14 şirkətlə qatılıb. Bu şirkətlər hava gəmiləri, zirehli texnika, donanma platformaları, havada və kosmosda ən son texnikanın, kibertexnologiyaların tətbiqi ilə yanaşı, müasir müdafiə sistemlərinin işlənib hazırlanması və istehsalını, o cümlədən hərbi donanma və kosmik sistemlər üçün innovativ həll variantlarını təklif edir. Bu ölkənin “Rafael Advanced Defense Systems Ltd” şirkəti bütün dünyada sifarişçilər üçün hava, quru, donanma və kosmik tətbiqlər üzrə yüksək texnoloji müdafiə sistemlərinin geniş çeşidini layihələndirir, hazırlayır və istehsal edir.
“Azərbaycan silahının təkamülü” adı altında çıxış edən Azərbaycan Hərb Tarixi Muzeyi sərgidə qədimdən müasir dövrədək ölkəmizin ərazisində mövcud olmuş dövlətlərin döyüşlərdə istifadə etdikləri texnikalar və silahlar, həmçinin geyim nümunələri də daxil olmaqla 50-dək eksponat nümayiş etdirir.
Dünyada nüfuzlu hərbi sənaye kompleksinə malik olan Rusiyanı sərgidə 26 şirkət təmsil edir. Bu ölkənin “Rosoboronexport” şirkəti qlobal silah bazarının liderlərindən biridir və Rusiyanın illik silah satışının 85 faizdən çoxunu əhatə edir.
Fransa Respublikasını təmsil edən “Naval Group” şirkəti hərbi-dəniz müdafiəsi sahəsində Avropa lideridir. Şirkət əsasən sualtı qayıqları və gəmiləri layihələndirir və inşa edir.
Dövlət başçısına məlumat verilib ki, Belarusun “Belspetsvneshtechnika” şirkəti hazırda sistem inteqratoru kimi xidmət edir və bu ölkədə müdafiə sektorunun müxtəlif sənaye sahələrində ixtisaslaşmış 20-dən artıq təşkilatı bir araya gətirən Dövlət Hərbi Sənaye Komitəsinin ixtiralarından yararlanır.
Fransanın sərgidəki digər iştirakçısı isə “Thales” şirkətidir. Şirkət sərgidə hava hərəkətinin idarəolunması, hava müşahidə sistemləri, zirehli maşınlar, təlim və simulyasiya üzrə məhsul və xidmətlərini təqdim edir.
AMEA-nın Yüksək Texnologiyalar Parkı da sərgidə ilk dəfə iştirak edir. Stenddə hərb sahəsində müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiyayönümlü yeni texnologiyaların hazırlanması, işlənilməsi və təkmilləşdirilməsi məqsədilə görülən işlər nümayiş etdirilir.
Prezident İlham Əliyev Pakistan İslam Respublikasının pavilyonunda da olub. Bildirilib ki, ölkəmizlə hərbi əməkdaşlığa malik Pakistan da bu sərgiyə hərbi sənaye məhsullarının geniş çeşidi ilə qatılıb. Bu ölkədə istehsal olunan hərbi məhsullar hərbi sənaye kompleksinin bütün istiqamətlərini əhatə edir.
Çinin “CETC International” şirkəti elektron informasiya sahəsi üçün innovativ və xüsusi həll variantları ilə sərgi ziyarətçilərinin qarşısına çıxıb. Qeyd edək ki, bu il müdafiə və xüsusi təyinatlı məhsulları, hərbi nəqliyyat vasitələrini və texnikanı, eləcə də silah və sursatları təqdim edən yerli eksponentlərin sayı artıb.
Müdafiə Sənayesi Nazirliyi, eləcə də nazirliyin nəzdindəki struktur və zavodlar, o cümlədən Müdafiə Nazirliyi və ANAMA agentliyi sərgidə fəal iştirak edir.
Ümumilikdə, sərgidə quru qoşunları və hərbi hava qüvvələrinin texnika və silahları, hərbi aviasiya silahları, Hava Hücumundan Müdafiə sistem və vasitələri, xüsusi təyinatlı əmlak və vasitələr, informasiya texnologiyaları, kosmik texnologiyalar, ordunun inzibati və texniki təchizatı ilə bağlı yeniliklər nümayiş olunur.
Beləliklə, “ADEX” sərgisi dünyanın silah bazarında ixrac üçün təklif olunan hərbi sənaye kompleksinin müxtəlif sahələri üzrə müasir müdafiə texnologiyaları, hərbi texnikanın ən son nümunələri ilə tanış olmaq imkanı yaradır. Bu sərgi ən son silah nümunələrinin nümayiş olunması və beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələrin imzalanması üçün artıq əla platformaya çevrilib.
12.58
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabrın 25-də Bakı Ekspo Mərkəzində açılan üçüncü “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub.
Oxu.Az xəbər verir ki, müdafiə naziri Zakir Həsənov və müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev dövlətimizin başçısına sərgi barədə məlumat veriblər.
Bildirilib ki, “ADEX-2018” sərgisi dünyanın 29 ölkəsini təmsil edən 224 şirkəti bir araya gətirib. Sərginin iştirakçıları olan bir sıra ölkələr əvvəlki illərlə müqayisədə milli ekspozisiyalarının sahəsini böyüdüblər.
Təmsil olunan şirkətlərin sayının çoxluğuna görə ilk dördlüyə Türkiyə (41şirkət), Rusiya (25 şirkət), İsrail (14 şirkət) və Belarus (10 şirkət) daxildir. İştirakçıların coğrafiyası Estoniya, Hindistan və Qazaxıstan kimi ölkələrin hesabına genişlənib. Ümumilikdə, ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edir. Pavilyonlarda müasir silah və texnikalar nümayiş olunur.
Qeyd edilib ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, eləcə də, nazirliyin nəzdindəki istehsalat birlikləri və zavodlar, o cümlədən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) sərginin fəal iştirakçılarıdır.
Burada peşəkarlar ölkənin müdafiə sənayesinin yenilikləri, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcud və inkişaf edən potensialı ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Bundan başqa, bu il Azərbaycandan “Caspian Ship Building Company”, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP), “Vitta” elmi-texniki şirkəti və Hərbi Hava Qüvvələrinin silah və zirehli texnikaya texniki baxış üzrə servis mərkəzi sərgidə ilk dəfə iştirak edir.
"ANAMA" teqi üzrə xəbərlər
- ANAMA sədri: "Vətən müharibəsindən sonra 170 000 hektardan artıq ərazi minalardan təmizlənib" - ÖZƏL
- BMT baş katibinin köməkçisi Elçin Əmirbəyov və Vüqar Süleymanovla görüşüb
- Qarabağın bərpası və mina təhlükəsi barədə sənədli film təqdim edildi
- "Azərlotereya"nın dəstəyi ilə alınan minaaxtaran itlər ANAMA-ya təqdim edilib
- Minatəmizləmə zamanı həlak olan şəxslərə şəhid statusu verilə bilər