Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 5-də ATƏT PA yanında İtaliya nümayəndə heyətinin sədri, İtaliya Deputatlar Palatasında Xarici Əlaqələr Komissiyasının sədr müavini Paolo Qrimoldini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi və digər sahələrdə çoxşaxəli əlaqələrin mövcud olduğunu qeyd edərək, yüksək səviyyədə həyata keçirilən səfərlərin önəmini vurğulayıb.
İtaliya Prezidentinin keçən il Azərbaycana, özünün isə İtaliyaya bir neçə dəfə səfər etdiyini xatırladan dövlətimizin başçısı İtaliya Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı Azərbaycan və İtaliya prezidentlərinin İtaliya şirkətləri tərəfindən inşa edilmiş böyük sənaye müəssisəsinin açılışının qeyd edildiyini bildirdi və ölkələrimiz arasında sənaye, energetika, mədəniyyət və digər sahələrdə yaxşı əməkdaşlıq formatının olduğunu deyib.
Səfər zamanı Bakı haqqında təəssüratları barədə xoş sözlərini çatdıran Paolo Qrimoldi ölkələrimizi bir-birinə bağlayan sıx əlaqələrin mövcud olduğunu deyib.
Enerji sahəsində Azərbaycan ilə İtaliya arasında bir sıra razılaşmaların olduğunu vurğulayan qonaq Azərbaycan qazını İtaliyaya çatdıracaq TAP boru kəməri üzrə işlərin uğurla davam etdirildiyini məmnunluqla vurğulayıb.
Paolo Qrimoldi iqtisadi sahədə əməkdaşlığımızın inkişafı ilə yanaşı, ikitərəfli münasibətlərimizin siyasi əlaqələrlə də şərtləndiyini deyib və ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti ilə səmərəli əməkdaşlıq həyata keçirdiklərini qeyd edib.
Görüşdə, həmçinin ölkələrimiz arasında mədəniyyət, turizm, idman və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
12:04
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 5-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə AZƏRTAC məlumat yayıb.
11:17
Azərbaycan Prezidenti İlham Əliyev martın 5-də ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC-a xəbər verir ki, dövlət başçısı Miroslav Layçak ilə Davosdakı qısa görüşünü məmnunluqla xatırlayaraq, onun ölkəmizə bu səfərinin regionda vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli və digər məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib.
Miroslav Layçak Slovakiyanın ATƏT-ə sədrliyi dövründə müəyyən edilmiş prioritetlər barədə dövlət başçısına məlumat verərək, bu sırada münaqişələrin qarşısının alınmasının və vasitəçiliyin mühüm yer tutduğunu diqqətə çatdırıb, bu dövrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə töhfə vermək əzmində olduqlarını deyib.
Miroslav Layçak münaqişə ilə bağlı vəziyyətlə yerindəcə tanış olmaq və fikir mübadiləsi aparmaq üçün bu səfərin yaxşı fürsət yaratdığını bildirib.
Azərbaycanın ATƏT-ə üzvlüyə böyük önəm verdiyini deyən dövlət başçısı Azərbaycanın həm bu təşkilat çərçivəsində, həm də təşkilata üzv olan dövlətlərlə fəal iş apardığını və səmərəli tərəfdaşlıq əlaqələri qurduğunu deyib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan Prezident İlham Əliyev bu münaqişənin uzun illərdir ki, davam etdiyini və Azərbaycan ərazilərinin bütün beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozularaq Ermənistan tərəfindən işğal altında saxlanıldığını diqqətə çatdırıb.
Dövlət başçısı qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə, ATƏT və digər təşkilatların bu cür qərar və qətnamələrinə baxmayaraq, 25 ildən artıqdır ki, bu tələblər yerinə yetirilmir.
İşğal nəticəsində bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, torpaqlarımızın zəbt edildiyini, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma və demoqrafik vəziyyətin dəyişdirilməsi siyasətinin həyata keçirildiyini deyən dövlət başçısı Azərbaycanın bu münaqişənin tezliklə sülh yolu ilə həllində ən maraqlı tərəf olduğunu bildirib.
Danışıqlar prosesində müəyyən dinamikanın müşahidə olunduğunu, xarici işlər nazirləri səviyyəsində dörd dəfə görüşün keçirildiyini və Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında üç dəfə söhbətin aparıldığını qeyd edən dövlət başçısı Ermənistan tərəfindən substantiv danışıqların aparılması üçün hər hansı ciddi niyyətin olmadığını və Ermənistanın danışıqlar prosesini pozmağa çalışdığını bildirib. Prezident İlham Əliyev münaqişənin həllində irəliləyişlərin əldə olunması və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının təmin edilməsi üçün beynəlxalq birlik tərəfindən Ermənistana ciddi təzyiqlərin göstərilməsinin vacibliyini qeyd edib.
Görüşdə, həmçinin ATƏT-in gündəliyində duran məsələlərə, Azərbaycan və Slovakiya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərinə dair fikri mübadiləsi aparılıb.