Suriya hakimiyyəti ilə ölkənin cənubundakı druz icması arasında yenidən alovlanan gərginlik ölkənin sabitliyinə ciddi təhdid yaradıb. Son həftələrdə Suveyda bölgəsi və ətraf şəhərlərdə baş verən toqquşmalarda onlarla insan həlak olub, yüzlərlə şəxs yaralanıb. Yerli silahlı qruplar və hökumət qüvvələri arasında qarşıdurmalar kəskinləşərək, artıq etnik və siyasi müstəvidə yeni bir böhranın siqnallarını verir.

Tərəflər nə istəyirlər?
Druz icması daxilində, xüsusən də radikal mövqedə duran qruplar mərkəzi hakimiyyətlə barışmırlar. Onlar özlərini dövlətin təhlükəsizlik strukturlarından kənarda saxlamaqla yanaşı, lokal muxtariyyət və silahlı özünümüdafiə hüququnu qorumaqda israrlıdırlar. Bu qruplar hökumətin legitimliyini şübhə altına alır və uzunmüddətli olaraq siyasi ayrılığa zəmin yaradırlar. Suriya hökuməti isə təhlükəsizlik məsələlərində mərkəzləşməni qorumağa çalışır, silahlı qrupların tərk-silahını, ictimai nizamın dövlət nəzarətinə qaytarılmasını və müstəqil fəaliyyətin məhdudlaşdırılmasını tələb edir. Hökumət hesab edir ki, paralel güc strukturlarının mövcudluğu ölkənin suverenliyinə və ərazi bütövlüyünə təhdiddir. Bu səbəbdən, istənilən yerli silahlı təşkilatlanma hökumət üçün "qırmızı xətt" olaraq qalır.

Xarici müdaxilə və yeni risklər
İsrailin son həftələrdə druz bölgələrinə dəstək məqsədilə Suriya ərazisindəki bəzi hökumət obyektlərini vurması vəziyyəti daha da mürəkkəbləşdirib. Bu müdaxilələr həm regional güclər arasında ziddiyyətləri artırır, həm də druz məsələsini beynəlxalq miqyasda alovlandırır. Bu isə ondan xəbər verir ki, qarşıdurmanın daha genişmiqyaslı müharibəyə çevrilməsi istisna olunmur.
Belə olan halda isə silahlı müqavimət daha da genişlənə, Suriya daxilində yeni muxtar bölgə iddiaları gündəmə gələ, İsrail və digər xarici güclərin müdaxilə riski arta, gərginlik ölkənin digər azlıqlarına da sirayət edə bilər. Çünki İsrail bu prosesi nəzarətə almağa çalışmaqla İranın təsirini Suriyanın cənubundan sıxışdırır, beləliklə, özünü idarəetməyə sahib olan bölgədə daha sərbəst olmağı hədəf seçir. Bu, Təl-Əviv üçün bufer zonası yaradılmasında əlverişli əsasdır. Druzlar İsrailin himayəsində olduqca İranın və proksi qüvvələrin nəzarəti sıfıra bərabərdir.

Nəticə: Sülh, yoxsa daha bir parçalanma?
Hazırda Suriya hökuməti və druz icması arasında diplomatik təmaslar davam edir. Lakin qarşılıqlı etimadsızlıq və itkilər bu dialoqun nəticə verəcəyinə dair ciddi suallar doğurur.
Eyni zamanda, bu böhran bir daha göstərir ki, Suriyada davamlı sülh mərkəzi hakimiyyətin legitimliyi ilə hesablaşmaqdan keçir. Əks təqdirdə, bu, ölkənin daxili işlərinə xarici müdaxilə, dövlət strukturlarının zəifləməsi və ərazi parçalanması ilə nəticələnə bilər. Sülh yalnız güc balansının deyil, etimadın və institusional birliyin bərpası ilə mümkündür. Bu isə həm dialoqun davamlı olmasına, həm də tərəflərin qarşılıqlı güzəştə hazır olub-olmamasına bağlıdır.
Mərahim Nəsib