Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Türkiyə və İsrail BARIŞACAQ? - Azərbaycanın prosesə təsirinin əhəmiyyəti
"Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib. İlk böhran zamanı biz fəal rol oynadıq ki, bu iki ölkənin mövqeyini bir-birinə yaxınlaşdıraq".
Bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.
"Baş nazir Benyamin Netanyahunun göstərişi ilə aprelin 9-da İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Haneqbinin başçılıq etdiyi hərbi-siyasi nümayəndə heyəti, o cümlədən Müdafiə Nazirliyi, təhlükəsizlik qüvvələrinin nümayəndələri və onların türkiyəli həmkarları arasında görüş keçirilib", - deyə məlumatda bildirilib.
Həmçinin qeyd edilib ki, İsrailin baş nazirin ofisindən görüşün təşkilinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq ifadə olunub.
Görüş zamanı tərəflər regional maraqları müzakirə ediblər, sabitliyin və təhlükəsizliyin qorunması üçün dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.
Ümumiyyətlə, mübahisəli tərəflərin həll yolları tapmaq üçün apardıqları diplomatik danşıqlar regional konfliktlərin həlli üçün nə qədər mühümdür və burada vasitəçi tərəflərin rolunu necə qiymətləndirə bilərik? Bu aspektdən, Türkiyə və İsrail arasındakı görüşü, eləcə də Azərbaycanın vasitəçilik missiyasının əhəmiyyəti nə qədərdir? Həmçinin, bu görüş həm də Yaxın Şərqdə münaqişənin həllinə necə töhfə verə bilər?
Oxu.Az mövzunu yerli və xarici mütəxəssislərlə təhlil edib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Milli Məclisdəki çıxışında prosesə münasibət bildirərək deyib ki, Azərbaycanın Türkiyə və İsraillə münasibətləri inkişaf etdirməsi xüsusi əhəmiyyətlidir:
"Bu gün Yaxın Şərqdə baş verən hadisələr bütün müsəlman dünyası tərəfindən diqqətlə izlənilir. Bu baxımdan Türkiyə ilə İsrailin Suriya barədə məsələləri müzakirə etmək üçün Azərbaycanı seçmələri Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və müdrik siyasətin göstəricisidir. Son proseslər bir daha göstərdi ki, Azərbaycan çox haqlı olaraq İsraillə münasibətlərin təməlini zamanında qoyaraq uğurla inkişaf etdirdi".
"Bu, baxımdan hazırkı dönəmdə Azərbaycanın həm Türkiyə, həm də İsraillə münasibətləri inkişaf etdirməsi xüsusi əhəmiyyətə malikdir", - deputat vurğulayıb.
Türkiyənin Azərbaycandakı sabiq səfiri, "İMZA" İB-nin Türkiyə təmsilçisi Hulusi Kılıç bu fəaliyyətə görə Ali Baş Komandan, Prezident İlham Əliyevə təşəkkür edib:
"İsrail ilə Türkiyə arasında yaşanan gərginlikdən cənab prezidentin nə qədər narahat olduğunu görürük. Azərbaycan ilə İsrail arasında münasibətlər yüksək səviyyədədir. 44 günlük İkinci Qarabağ müharibəsində də İsrail Azərbaycanın yanında olduğunu bəyan edib. Eləcə də Azərbaycanda yaşayan, həm də köçən yəhudi xalqı Azərbaycanı çox sevir. Türkiyə isə Azərbaycanın qardaş ölkəsidir, Şuşa Bəyannaməsi ilə münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə qədəm qoyub və bu münasibətlərin dünyada heç bir örnəyi yoxdur. 1993-cü ildə Ermənistan Azərbaycan ərazilərini işğal etdiyinə görə, Türkiyə həmin ölkə ilə sərhədlərini bağlayıb və diplomatik əlaqələrini kəsib. Üzərindən 32 il keçməsinə baxmayaraq münasibətlər hələ də bərpa edilməyib. Bu baxımdan, Türkiyə ilə İsrail arasındakı gərginliyin azalmasında vasitəçilik etməyə ən uyğun lider İlham Əliyevdir və onun bu istiqamətdəki rolu yüksək qiymətləndirilir".
İsrailli politoloq Yuri Boçarov da məsələ ilə bağlı öz mövqeyini bildirib. Onun sözlərinə görə, İsrail uzun müddətdir ki, Azərbaycana strateji tərəfdaş kimi yanaşır və rəsmi Bakını təkcə iqtisadi və strateji tərəfdaş kimi deyil, həm də çətin günlərdə dəstəyini göstərməyə hazır olan dost kimi görür:
"Bu mövqe həm iqtidarda, həm müxalifətdə, həm də ən əsası İsrail xalqında var. Bizim Azərbaycan vətəndaşları ilə münasibətlərimizin dərin tarixi var və bütün şəxsi təmaslarımız belə qənaətə gəlməyə imkan verir ki, Azərbaycan xalqı da İsrail xalqına isti və xeyirxah münasibət bəsləyir".
"Demək olar ki, dörd cəbhədə müharibə aparan İsrail hazırda tarixinin çətin dövrünü yaşayır. Təəssüf ki, regiondakı geosiyasi vəziyyətlə bağlı Türkiyə və İsrail arasında fikir ayrılığı mövcuddur. Bu baxımdan İsrail Türkiyə və İsraili barışdırmaq arzusunu açıq şəkildə bildirən Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyini alqışlayıb".
Mərahim Nəsib
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev "InterFood Azerbaijan" və "Caspian Agro" sərgiləri ilə tanış olub
- Azərbaycanın yeni hərbi prokuroru təyin olunan Bəhruz Əhmədov KİMDİR?
- Bir sıra şəxslərin mənzillə təminatı 2030-cu ilədək davam etdiriləcək - SƏRƏNCAM
- Prezident Bəhruz Əhmədovu Azərbaycan Respublikasının yeni hərbi prokuroru təyin etdi
- İlham Əliyev Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibini qəbul edib