Bir müddət əvvəl sosial şəbəkələrdə doqquz yaşlı Gülay Fərzəliyevanın at çapması barədə görüntülər bir çoxları tərəfindən maraqla qarşılanmışdı. Hər kəs bu qızla maraqlanır, onun necə məharətlə at sürməsindən danışırdı.
Dövlət Sərhəd Xidmətinin rəisi, Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev də at çapma bacarığı olan Gülayla görüşüb. Ona atçılıq idmanı ilə məşğul olması üçün zəruri olan süvari ekipirovkası ilə təmin edilməsi ilə bağlı tapşırıq verib.
Oxu.Az-ın əməkdaşları generalın görüşdüyü 9 yaşlı qızın at çapma bacarığı ilə tanış olublar.
Gülayın ailəsi Ağdam rayonunun Ətyeməzli kəndindən olan məcburi köçkündürlər. Hazırda Sumqayıt şəhərində yaşayırlar.
Gülay deyir ki, ona at çapmağı atası öyrədib:
“Beş ildir ki, at çapıram. Mənim atam at çapıb. Dörd yaşım olanda atama at çapmaq istədiyimi söylədim. Atam da mənə atı necə çapmağı, onun cilovunu necə tutmaq lazım olduğunu öyrətdi. İndi hər növ at çapa bilirəm. Onlar mənim yaxın dostumdur. İşlərimi bitirən kimi atın yanına gəlirəm. Böyüyəndə at yarışlarına qatılmaq istəyirəm”.
Doqquz yaşlı qız deyir ki, hər gün qardaşı ilə birlikdə at çapırlar:
“Hər axşam qardaşımla meşəlik ərazisdə at çapırıq. Bu çox zövqlüdür. Özümüzü filmlərdəki at çapan qəhrəmanlar kimi hiss edirik. Atlardan qorxmaq lazım deyil. Mən fayton da sürürəm. Sinifdə yoldaşlarım mənim at çapmağıma təəccüblənirlər”.
Gülay Fərzəliyeva deyir ki, atın cilovunu tutmaq böyük məharət və güc tələb edir:
“Mən atın məni yıxmasından qorxmuram. At çapmağa təzə başlayanda bir dəfə yıxılmışam. Onda da günah məndə olmadı. “İngilis” cins at idi və dəniz qırağında onu çapan zaman ayağı büdrədi, yıxıldı. O zaman mən də yıxıldım. İnsan at çapmağı yıxıla-yıxıla öyrənir. Mən də gələcəkdə professional at çapıb, yarışlarda iştirak etmək istəyirəm.”
Generalın qəbul etdiyi qızın bir arzusu var: “Ən böyük arzum odur ki, Qarabağ atım olsun.”
Generalın qəbul etdiyi qız: Arzum Qarabağ atımın olmasıdır - FOTO/VİDEO
İlhamə Əbülfət
www.oxu.az
Rəylər