Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Şəhid anası: “Hər gecə oğluma mesaj yazıram, düşünürəm ki, Ülvim oxuyur” - MÜSAHİBƏ + FOTO
30 illik həsrət bitdi. Azərbaycan Vətən Müharibəsində mənfur düşmən üzərində qələbə qazanaraq, öz doğma dədə-baba torpaqlarına qovuşdu. Bununla da Qarabağ həsrətimizə son qoyuldu.
Vətən Müharibəsində oğullarımız canlarından keçiblər. Şəhid olmuş qəhrəmanlarımızdan biri də Hacıyev Ülvi Şirin oğludur.
O, döyüşlərə gedənə kimi Dövlət Gömrük Komitəsinin əməkdaşı olub. Bu gün Ü.Hacıyevin doğum günüdür.
O, 13 noyabr 1994-cü ildə Bakıda anadan olub.
Oxu.Az-ın əməkdaşı şəhidin anası ilə həmsöhbət olub.
Evə daxil oluruq. Evin hər tərəfində Ü.Hacıyevin şəkilləri yer alıb. Şəhidimizin anası Həmidə Qurbanova onun şəkillərini bizə göstərir və hər birinin çəkilmə tarixindən danışır. O deyir ki, Milli Qəhrəman Mübariz İbrahimov şəhid olan gündən Ülvi də onun kimi olacağını bildirib:
“Həmişə döyüşlərdə olmağı arzulayırdı. Hətta M.İbrahimov haqqında şeir də yazmışdı. Şeirin baş hərifləri də “Mübariz”, - deyə oxunurdu”.
Şəhidimiz 2012-ci ildə rus dili üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyat fakültəsinə daxil olub. 2016-cı ildə həmin universitetin Biznesin təşkili və idarə edilməsi (maliyyə üzrə) ixtisaslaşması üzrə magistraturasına daxil olub. Anası deyir ki, oğlu döyüşlərə könüllü yazılıb:
“Ülvi hərbi xidməti başa vurub evə gəldikdən sonra “mən hərbi xidmət etmədim”, - dedi. Soruşdum ki, niyə?. Dedi ki, orada sadəcə evdəki kimi oturdum, yemək yedim, gəldim. Daha sonra Dövlət Gömrük Komitəsinin “Qırmızı Körpü” gömrük postunda çalışmağa başladı. O, Tovuz döyüşlərində general-mayor Polad Həşimovun şəhid olmasından sonra iş yoldaşları ilə birlikdə döyüşlərə könüllü yazılıb. Ülvi döyüşlərə yazıldığını məndən gizlədib”.
Şəhidimizin işlədiyi yerdə xidmətinin bir ili tamam olduğu üçün Bakıya təyinat alıb. Həmidə xanımın sözlərinə görə, həmin vaxt o məzuniyyətə çıxır:
“Dedim, oğlum, Qazaxda qalma, gəl, dincəl bir az. Ülvi dedi ki, işlərim var. Daha sonra biz getdik Yevlax şəhərinə o da gəldi ora. Ötən ilin sentyabrın 27-də öyrəndik ki, müharibə başlayıb. Oğlum elə sevinirdi ki, sanki uçmağa qanadı yox idi. Mənə dedi ki, ana, döyüşə gedəcəm. Ağladım, dedim sən getsən özümü öldürəcəm. Sonra biz onu da götürüb, Bakıya gəldik”.
İki gün əvvəl paytaxta qayıdan Ü.Hacıyevə döyüşə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Sabunçu Rayon İdarəsindən məktub gəlib:
“Mən məktubu görəndə dəli oldum. Dedim ki, axı, Ülvi hərbi xidməti başa vurub, bu nədir? Oğlum dedi ki, döyüşə çağırırlar, əgər siz məni saxlasanız məni evdən aparacaqlar. O zaman sizi bağışlamayacam. Düzü, gecə hamı yatandan sonra qapını bağladım və açarı da gizlətdim. Ülvi mənə dedi ki, dünyada cənnət anaların ayaqları altındadır, sən də mənim mələyimsən, amma vətən də vətəndir, gedəcəm… (ağlayır). Bir söz deyə bilmədim və oğlum getdi… İndi deyirəm ki, kaş ki, qapını açmazdım, oğlum yanımda olardı. Amma bir tərəfdən də oğlumla fəxr edirəm ki, onu 26 yaşında bütün Azərbaycan tanıdı”.
Anası deyir ki, Ülvi hər dəfə onlara zəng edən zaman sevinclə danışıb, ancaq irəli getdiklərini bildirib:
“Biz oğlumla parolla danışırdıq. Ən son oktyabrın 15-də danışmışıq. Dedim ki, Ülvi, həyatda səndən başqa heç kim mənə lazım deyil, ehtiyatlı ol. O, da dedi ki, az qalıb, gələcəyik. Oğlumla biz ana-bala olmaqdan da başqa, yaxşı dost idik. Mən harasa gedəndə bir paltarı geyinəndə də o, mənə məsləhət verirdi. Mənə “mələyim”, “dünyam” deyə müraciət edirdi. İndi o sözlərə möhtacam. Mən oğlumu, sirdaşımı, dostumu itirdim…”.
Şəhidin qardaşı Nicat Hacıyev deyir ki, şəhid döyüş keçdiyi həmkarları ilə birlikdə sözləşiblər ki, orada nə olsa, bir-birlərini qoruyacaqlar:
“Döyüş yoldaşları deyir ki, Hadrut qəsəbəsi işğaldan azad olunandan sonra Cəbrayıl, Şuşa istiqamətinə gediblər. 36 saat susuz qaldıqları üçün yaxınlıqda ferma görüblər, su içmək istəyiblər və uçurumdan tullanıblar. O zaman Ülvinin yanında yaralı dostu olduğu üçün tullanmayıb, bildirib ki, Teymur dincəlsin, gələcəklər. Digər dostları fermadan su içməyə gedən zaman döyüş olub və Ülvigil olan yerə pulemyotdan atıblar”.
H.Qurbanova deyir ki, hər gün oğluna mesaj yazır:
“Hamı mənə səbir verir, deyirlər ki, gələcəkdə nəvəniz də olar adını Ülvi qoyarsan. Mən öz Ülvimi tapa bilmərəm. Elə bilirəm ki, bir möcüzə olacaq və oğlum qapıdan içəri girəcək. 50 gün onu axtarmaq bilirsiz nə deməkdir?! Hər gün dedilər sağdır, gələcək, səsinə qulaq asmaq istədik, amma olmadı. Mən 50 gün ümidlə gözlədim. Ötən il noyabrın 13-də onun ad günündə tort da kəsdim…
Həmin gecəsi dedilər ki, itkindir. Dekabrın 4-ü gecə saat 22:30-a kimi onu itkin kimi axtardılar. Dekabrın 5-də oğlum gəldi, amma tabutda. Bir saniyə belə Ülvi yadımdan çıxmır. Nə geyinsəm, yesəm oğlumla bağlıdır. O döyüşlərə gedəndən ona aid nəsə hazırlamıram. Mən hər gecə oğluma mesaj yazıram. Bəlkə də bir kitabdan çox mesaj yazmışam. Elə düşünürəm ki, Ülvim onu oxuyur… Oğlum sürprizləri xoşlayırdı, həm də mərhəmətli idi. Yardım sevər idi. İndi uşaq evinə gedəndə deyirlər nəsə lazım deyil gətirməyin, amma mən deyirəm ki, Ülvinin adı ilə gəlirəm”.
O qeyd edib ki, Ülvi döyüşlərə getdiyi müddətdən DGK-nın kollektivi oğlu ilə maraqlanıblar. İndi də bizlə maraqlanırlar. Bunun üçün onlara təşəkkür edirəm.
Şəhidimizin ad günü ilə bağlı yaşadığı evin qarşısında park salınıb, bulaq açılışı olub. Qeyd edək ki, qəhrəmanımız “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
İlhamə Əbülfət
FOTO: Tapdıq Abdullayev
"Cəbrayıl" teqi üzrə xəbərlər
- Cəbrayılda daha 49 ailəyə evlərin açarları təqdim olunub
- Cəbrayıl sakini: "Olmazın çətinliklərini çəkdik, amma o günlər geridə qaldı"
- Keçmiş məcburi köçkün: "Cəbrayıl bizim üçün həssas nöqtədir"
- Vüqar Qurbanov: "Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib"
- İşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahının tərkibi dəyişdi
Rəylər