Məlum olduğu kimi, bu gün Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmada Londonun “Arsenal” və “Çelsi” klubları üz-üzə gələcək.
Oxu.Az-ın əməkdaşı millət vəkilləri arasında Avroliqa finalı ilə bağlı sorğu keçirib.
O, deputatlardan London derbisini hansı klubun qazanmasını istədiklərini soruşub.
Millət vəkili Aydın Mirzəzadə deyib ki, onun üçün kimin qələbə qazanmasının önəmi yoxdur:
“Mən iki güclü komandanın oyununa baxmaq istəyirəm. Finalda Azərbaycan və ya Türkiyə klubu olsaydı, onlara azarkeşlik edərdim”.
Millət vəkili Fazil Mustafa oyunu stadionda izləyənlərdən olacaq:
“Final oyunu üçün biletim var. “Çelsi” klubunun qələbə qazanmasını istəyirəm”.
Millət vəkili Siyavuş Novruzov isə “Arsenal”a azarkeşlik etdiyini bildirib:
“Ümid edirəm ki, Bakıda keçiriləcək möhtəşəm finalda “Arsenal” qalib gələcək”.
Millət vəkili Ağacan Abıyev maraqlı qarşılaşma izləyəcəyinə ümid edir:
“Mənim üçün finalda kimin olmasının önəmi yoxdur. Ümid edirəm ki, maraqlı qarşılaşma izləyəcəyik. Mən maraqlı oyuna azarkeşlik edəcəyəm”.
Xatırladaq ki, qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq. Oyunu Canluka Rokkinin başçılıq etdiyi italiyalı hakimlər briqadası idarə edəcək.
Samir İsayev
Rəylər