“Barselona”nın baş məşqçisi Ernesto Valverde postundan istefaya göndərilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı klubun rəsmi “Twitter” hesabında məlumat paylaşılıb.
Qərar bu gün “Barselona” prezidenti Jozep Bartomeu və klub direktorlarının iştirakı ilə keçirilən iclasda qəbul edilib. Məlumatlara görə, tərəflər müqavilənin dayandırılması ilə bağlı razılıq əldə ediblər.
Qeyd edək ki, “Barselona” İspaniya Superkubokunun yarımfinal mərhələsində “Atletiko” klubuna 2:3 hesabı ilə məğlub olub. La Liqada isə klub birinci yerdə qərarlaşıb.
55 yaşlı Ernesto Valverde “Barselona”nın baş məşqçisi postuna 2017-ci ildə gətirilib. Onun rəhbərliyi altında klub 163 rəsmi oyun keçirib ki, bunlardan 108-də qələbə qazanıb, 20-də məğlub olub, 35 oyun isə heç-heçə ilə bitib. Valverde “Barselona” ilə iki dəfə İspaniya çempionu olub, bir dəfə ölkə kubokunun, bir dəfə də Superkubokun qalibi olub.
Agreement between FC Barcelona and Ernesto Valverde to end his contract as manager of the first team. Thank you for everything, Ernesto. Best of luck in the future. pic.twitter.com/zrIgB1sW2e
— FC Barcelona (@FCBarcelona) 13 января 2020 г.
Yeri gəlmişkən, onun yerinə Kike Setyen baş məşqçi təyin olunub. 61 yaşlı çalışdırıcı ilə 2022-ci ilin iyunun 30-dək müqavilə bağlanılıb. Onun bu gün təqdimatı və mətbuat konfransı olacaq.