14 
Yan
2020
10:20
23
111
1815
Virtual karabakh

“Neftçi”nin futbolçusu pasportunu itirdiyi üçün Türkiyəyə gedə bilmədi

Yanvarın 11-dən Türkiyənin Antalya şəhərinin Manavqat bölgəsində təlim-məşq toplanışında olan “Neftçi” iki legioneri olmadan hazırlıq keçir.

Oxu.Az xəbər verir ki, bunlar hücumameyilli cinah oyunçuları – braziliyalı Dario Frederiko da Silva ilə fransalı Stiven Jozef-Monrozdur.

Hər iki futbolçunun düşərgəyə hələ də qoşulmayıb. Məsələyə klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev aydınlıq gətirib:

“Darionun meneceri onun ölkə xaricindən təklifinin olduğunu bildirib. Bu üzdən o, komanda ilə Türkiyəyə getməyərək Bakıda qalıb. Məşqçilər heyəti buna razılıq verib. Hazırda onun xarici kluba icarəsi nəzərdə tutulub (onun “Neftçi” ilə müqaviləsi 2021-ci ilin yayınadəkdir – S.M.). Bu yöndə icarə müqaviləsi hazırlanır. Menecerinə vaxt verilib. Bəlli müddətdə bu məsələ həll olunmasa, Dario komandaya qoşulacaq.

Jozef-Monroz isə istirahətdə olduğu müddətdə pasportunu itirib. Yeni pasport almaq üçün sənədlərini gec verib. Bu səbəbdən düşərgəyə qoşula bilməyib. Amma artıq məlumatımız var ki, pasportunu götürüb sabah axşam Antalyaya gələcək”.

Qeyd edək ki, “Neftçi” qış transfer pəncərəsi dövründə İbrahim Əliyev, Mirabdulla Abbasov kimi yetirmələrini heyətinə qaytarıb, Dario Frederiko da Silvanın yerinə cənubi azərbaycanlı Saman Nəriman Cahanı transfer edib. Həmçinin, hücumçu Rauf Əliyevlə müqaviləyə birtərəfli, ukraynalı mərkəz müdafiəçisi Kirill Petrovla isə qarşılıqlı razılaşma əsasında xitam verilib. 

Qardaş ölkədəki hazırlıq prosesində üç yoxlama görüşü keçirməyi planlaşdıran “Neftçi” yanvarın 15-i Polşanın LKS, 20-si Ukraynanın “Dinamo” və 24-də “Desna” klubları ilə üz-üzə gələcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri