Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həsr olunmuş ikinci ənənəvi futbol turnirinin açılış mərasimi keçirilib.
Bakı Tennis Akademiyasının stadionunda təşkil olunan tədbirdə əvvəlcə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan turnirin təşkilatçısı və şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov bildirib ki, Azərbaycan tarixən çətinliklər görüb və ərazi bütövlüyünün bərpası yolunda şəhidlər verib:
“Bu sırada jurnalistlərimiz də var. Müharibə dövründə 9 jurnalist şəhid olub. Turnirin təşkilində məqsəd həm şəhidləri yad etməkdir, həm də idmanın təbliğidir”.
Azərbaycan Mətbuat Şurasının nümayəndəsi İlqar Tağıyev əvvəlcə turnirin təşkilatçılarına təşəkkür edib. İstər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi dövründə şəhid olan jurnalistlərin qarşısında baş əydiyini söyləyən İ.Tağıyev vurğulayıb ki, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq, hər kəs Azərbaycan əsgəridir:
“Hər birimiz ölkəmizin inkişafı üçün üzərimizə düşən vəzifəni yerinə yetirməliyik. Əminəm ki, öz borcunu yerinə yetirən zaman şəhid olan insanların ruhu şaddır. Çünki ərazi bütövlüyümüz təmin olunub”.
O, yarışda iştirak edən komandalara uğurlar arzulayıb.
Daha sonra söz Vəkillər Kollegiyasının sədr müavini Pərviz Ələkbərova verilib. O, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etdiyini, ərazi bütövlüyümüzün tam bərpa olunduğunu vurğulayıb. P.Ələkbərov hər bir azərbaycanlının bütün şəhidlərin, o cümlədən, şəhid jurnalistlərin xatirəsini daim əziz tutmalı olduğunu, onların əbədi olaraq qəlblərdə yaşayacağını qeyd edib.
Açılış mərasimində çıxış edən AZƏRTAC-ın əməkdaşı Səlahət Yusifov keçmiş iş yoldaşı və həmkarı şəhid Məhərrəm İbrahimovun hərbi vətənpərvərlik və idman redaksiyasında çalışarkən ən qaynar nöqtələrdən materiallar hazırladığını vurğulayıb. Bütün şəhidlərə Allahdan rəhmət diləyən S.Yusifov Prezident İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyümüzün bərpa olunduğunu qeyd edib.
Azərbaycan Dövlət Himni səsləndikdən sonra yarış açıq elan olunub. Topa rəmzi toxunuşu Əsgər İbrahimov, İlqar Tağıyev və Pərviz Ələkbərov ediblər. Ardınca isə “Ardanış” ilə “Zəngəzur” komandaları arasında açılış oyunu start götürüb. Qarşılaşma “Ardanış” komandasının 5:3 hesablı qələbəsi ilə başa çatıb.
Daha sonra meydana “İrəvan” və “Loru-Borçalı” komandaları çıxıblar. “İrəvan” rəqibini 9:5 hesabı ilə məğlub edərək, turnirə inamlı qələbə ilə başlayıb.
Qeyd edək ki, 8 Noyabr - Zəfər Günü münasibətilə həvəskar komandalar arasında təşkil olunan turnirdə komandalar “Qərbi Azərbaycan”, “Zəngəzur”, “Göyçə”, “Loru-Borçalı”, “İrəvan”, “Çəmbərək”, “Ardanış” və “Qaraqoyunlu” adları altında mübarizə aparırlar. Medianı “Qərbi Azərbaycan” adı ilə AZƏRTAC, “Zəngəzur” adı ilə AzTV təmsil edir.
Qruplarda dairəvi sistem üzrə keçiriləcək mübarizə nəticəsində birinci və ikinci yeri tutan komandalar yarımfinala yüksələcəklər. Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penaltilər seriyası oynanılacaq.
Xatirə turnirində qaliblərə, eləcə də “Ən yaxşı oyunçu”, “Ən çox qol vuran”, “Nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələrin verilməsi nəzərdə tutulub.
Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həsr olunmuş ikinci ənənəvi futbol turnirinin açılış mərasimi keçirilib.Bakı Tennis Akademiyasının stadionunda tə...
Bugünkü oyunların nəticəsi və növbəti matçların təqvimi aşağıdakı kimidir:
14 oktyabr
I tur
B qrupu
19:30 “Ardanış” - “Zəngəzur" - 5:3
A qrupu
20:30 “İrəvan” - “Loru-Borçalı” - 9:5
15 oktyabr
A qrupu
19:30 “Qərbi Azərbaycan” - “Göyçə”
B qrupu
20:30 “Qaraqoyunlu” - “Çəmbərək”
21 oktyabr
II tur
A qrupu
19:30 “İrəvan” - “Qərbi Azərbaycan”
B qrupu
20:30 “Ardanış” - “Qaraqoyunlu”
22 oktyabr
A qrupu
19:30 “Loru-Borçalı” - “Göyçə”
B qrupu
20:30 “Zəngəzur” - “Çəmbərək”
28 oktyabr
III tur
A qrupu
19:30 "Qərbi Azərbaycan” - “Loru-Borçalı”
B qrupu
20:30 “Qaraqoyunlu” - “Zəngəzur”
29 oktyabr
B qrupu
19:30 “Ardanış” - “Çəmbərək”
A qrupu
20:30 “İrəvan” - “Göyçə”
4 noyabr
Yarımfinal
19:30 A1-B2
20:30 B1-A2
5 noyabr
19:30 - III yer uğrunda görüş
8 noyabr
FİNAL
19:30.
Qeyd edək ki, turnirin məqsədi Birinci və İkinci Qarabağ müharibələrində canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimovun və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrinin - Çingiz Mustafayev, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın öz peşələrindən əlavə, yeni nəslin sağlam və vətənpərvər ruhda böyüməsinə verdiyi töhfələri unutdurmamaqdır.
Onu da əlavə edək ki, işğaldan azad olunmuş ərazilərin, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı, 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu), Azərbaycan Televiziyasının operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev xidməti vəzifələrini yerinə yetirərkən şəhid olublar, dörd nəfər isə yaralanıb.
Prezident İlham Əliyev 2021-ci il iyunun 14-də Sirac Abışov, Məhərrəm İbrahimov və Arif Əliyevin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsinə dair Sərəncam imzalayıb.
Rəylər