8 Noyabr - Zəfər Gününə həsr olunmuş yeni, "Vətən" adlı pop-sinql bəstəkar Rüzgar Əhmədzadə və müğənni Könül ManEl tərəfindən dinləyicilərə təqdim edilib.
"Qarabağ" futbol klubunun rəsmi himni və rəsmi qol marşının müəllifi, bir çox klassik və film musiqisinin bəstəkarı kimi tanınan Rüzgar Əhmədzadə bu layihədə akademik musiqi keçmişini müasir pop üslubu ilə birləşdirərək Azərbaycan musiqisinə yeni bir baxış gətirir.
Layihədə Azərbaycan musiqi səhnəsində yüksələn gənc müğənni ManEl (Könül Məmmədova) yer alır. Beynəlxalq müsabiqələrin laureatı olan ifaçı Gürcüstanda doğulub, musiqi təhsilini həm Qazaxıstanda Çaykovski adına musiqi kolleci, həm də Bakı Musiqi Akademiyasında tamamlayıb və daha sonra Berkli Musiqi Kollecinə qəbul olunub. Müğənni "Səs Azərbaycan" və "Bakı Payızı" kimi layihələrdə uğurlu çıxışları ilə tanınıb. ManEl, həmçinin "Avroviziya-2023" ("Never Say") və "Avroviziya-2025" ("Set Me Free") müsabiqəsinin seçimləri üçün də mahnılar təqdim edib.
Qeyd etmək lazımdır ki, mahnının sonunda uşaq xorunun ifasında səslənən hissənin sözü Süleyman Salis, musiqisi isə Ali Farşbafa məxsusdur.
Aranjiman üzərində Rüzgar Əhmədzadə, Ülvi İsmayıl və "Toufan Records" çalışıblar. "Toufan Records", həmçinin miks və masterinq prosesinə imza ataraq mahnının səs dünyasına müasir dinamika qatıb.
Musiqinin video layihəsinin rəhbəri Rüzgar Əhmədzadə, rejissoru isə Natiq Muxtarovdur. Klipdə Azərbaycanın müxtəlif sahələrində uğur qazanmış şəxslər yer alıb. Videoda qonaq qismində Fərqanə Qasımova, Rafael İskəndərov, Promete, Fəridə Abdulla, Günay Arazova, Vəfa Qəhrəman, Elçin Əmirov, Emil Axundov, Vüsal Yusifli, Rəsul Həsənov, Elçin Hüseyn kimi şəxslər yer alıblar. Onların hər biri öz sahəsindəki nailiyyətləri və fərdi enerjisi ilə Vətənə olan sevgisini simvolik şəkildə ifadə edib.
Layihənin əsas ideyası Azərbaycanın gücünü onun insanlarının yaradıcılığında, zəhmətində və ruhunda göstərməkdir.
Bu sinql Rüzgar Əhmədzadə və Könül ManEl əməkdaşlığının ilk nəticəsidir və onlar gələcəkdə Azərbaycan pop musiqisinə yeni nəfəs gətirəcək layihələr planlaşdırırlar.