Azərbaycanın parlamenti bu gün İnzibati Xətalar Məcəlləsinə növbəti dəfə dəyişikliklər edib.
Yeni dəyişikliklər müvafiq icra orqanının icazəsi olmadan qeysəriyyə əməliyyatının aparılmasına görə cərimələrin sərtləşdirilməsini nəzərdə tutur.
“Məlum olduğu kimi, hazırda belə əməliyyatlar heç bir zərurət olmadan həyata keçirilir və vəzifəli şəxslər üçün cərimələrin 5-7 min, hüquqi şəxslər üçün 10-15 min manatadək artırılması belə təcrübənin aradan qalxmasında mühüm rol oynayacaq” – Milli Məclisin iclasında deputat Əli Hüseynli bildirib.
Öz növbəsində parlamentin spikeri Oqtay Əsədov deputatlara dölün cinsindən asılı olaraq abortların aparılması haqqında məsələnin həlli üzərində də düşünməyi təklif edib.
“Mən hesab edirəm ki, uşağın cinsinin öyrənilməsi məqsədilə USM-in (ultrasəslə müayinə) aparılması və abort Allahın işinə qarışmaq deməkdir. Bu problemin həlli barədə düşünmək lazımdır ki, həkimlər məsələyə daha diqqətlə yanaşsınlar, belə hallarda pasiyentləri abort fikrindən daşındırsınlar. Əlbəttə, müasir tibb avadanlığından imtina etmək mümkün deyil, buna görə də, məsələnin başqa şəkildə həllinin üzərində düşünmək lazımdır” – deyə, O.Əsədov bildirib.
www.abc.az
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin