İyun ayının 24-dən 25-nə keçən gecə saat 00.10 radələrində Binəqədi rayonunda yol nəqliyyat hadisəsi baş verib, qəzanın qurbanı yeddi yaşlı qız olub.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, bu barədə Binəqədi rayonu Polis İdarəsindən bildiriblər.
Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsində yerləşən 15 saylı evin qarşısında “KİA” markalı avtomobil əslən Yevlaxdan olan 2007-ci il təvəllüdlü Əsgərova Zeynəb Şükür qızını vurub. Sürücü hadisə yerindən qaçaraq uşağa yardım etməyib. Qızı xəstəxanaya çatdırsalar da, o iki saat sonra dünyasını dəyişib.
Təxminən 09.00 saatlarında 6-cı polis bölməsinin əməkdaşları sürücünü saxlayıblar. Hal-hazırda onu polis bölməsinə aparırlar. Saxlanılan şəxsin adı hələ məlum deyil.
Bununla yanaşı 6-cı polis bölməsində 7 yaşlı qızın gecə saatlarında küçədə olmasının səbəbləri aydınlaşdırılıb. Hadisə qızın anası ilə bərabər həyətdə olduğu zaman baş verib. Qadının fikri yayınıb və uşağın yola necə çıxdığını görməyib.
Fakt üzrə araşdırma aparılır.