Bu gecə Xətai rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş vermiş yanğın nəticəsində 18 məcburi köçkün ailəsinin müvəqqəti yaşayış sahəsi yararsız vəziyyətə düşüb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Oxu.Az-a verilən məlumata görə, baş nazirin müavini Əli Əhmədov, Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini müvəqqəti icra edən Rafiq Quluyev, Komitənin və icra hakimiyyətinin məsul əməkdaşları hadisə yerində olub, yaranmış problemin həlli üçün birlikdə müvafiq tədbirlər görüblər.
Yanğın baş verdikdən sonra Dövlət Komitəsi tərəfindən yaradılmış Komissiya hadisə yerinə gedib, siyahıyaalınma aparılıb. 17-si Füzuli, biri Laçın rayonundan olmaqla, 18 məcburi köçkün ailəsi artıq müvəqqəti mənzillərdə yerləşdirilib. Həmin ailələr dövlət tərəfindən mənzillə təmin edilənə qədər orada yaşayacaqlar.
02:07
Bakı şəhərinin Nobel prospekti, Daşqın Səfərov 84 ünvanında ikimərtəbəli yaşayış binası yanır.
Bku.TV-nin hadisə yerində olan əməkdaşlarının verdiyi məlumata görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 10-a yaxın yanğınsöndürən briqadası cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində iş aparırlar.
Yanğın binan zirzəmisində başlayıb.
01:24
Bakı şəhərinin Nobel prospektində ikimərtəbəli yaşayış binası yanır.
Oxu.Az-ın məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub.
Hazırda bina sakinləri təxliyyə olunur.
Yanğın baş verən əraziyə Səhiyyə Nazirliyin təcili tibbi yardım birqadası da cəlb olunub.
İlhamə Əbülfət, Elvin Nüsrətoğlu, Elşad Mətləboğlu