Qızının 8 gündən sonra olacaq toyuna hazırlıq görən İmişli sakininin evi alışaraq yanıb.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, CTV-nin məlumatına görə, ötən gün gecə saatlarında baş verən yanğın nəticəsində evlə bərabər toy üçün alınan cehizlik əşyaları da yanaraq yararsız hala düşüb.
Yanğın hadisəsi İmişli rayonunun Məzrəli kəndində yaşayan Əliheydər Nuriyevə məxsus fərdi yaşayış evində qeydə alınıb. Qısa müddətdə yanğın evi əhatəyə alıb. Ev sahibi Əliheydər Nuriyev alovun qarşısını almaq istəsə də, mümkün olmayıb.
8 gün sonra Nuriyevlər ailəsində xeyir iş olacaqmış. Bu məqsədlə qızları üçün cehizlik əşyaları alaraq evə yığıblar. Qəfildən baş verən yanğın nəticəsində bütün cehizlər yanaraq külə dönüb. Hadisə zamanı, həmçinin evdə olan pul və qızıl zinət əşyaları da yanıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin İmişli Rayon Yanğından Mühafizə Xidmətinin 2 ədəd texnikası və canlı qüvvəsi cəlb olunub. Alov söndürülərək ətraf ərazilərə keçməsinin qarşısı alınıb.
Hazırda faktla bağlı araşdırma aparılır.