Müdafiə Nazirliyi cəbhədə zabitimizin şəhid olması faktı ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumatda bildirilir ki, düşmənin cəbhə bölgəsində təxribatları davam edir.
Yanvarın 23-də saat 13.45-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq, Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığındakı mövqelərindən üzbəüz mövqelərimizi atəşə tutublar.
Nəticədə Azərbaycan Silahlı Qüvvələrinin zabiti, 1978-ci il təvəllüdlü, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsi tərəfindən 1996-cı il tarixində hərbi xidmətə çağırılan kapitan Elnur Cəfər oğlu Cəfərov döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiyinə görə kapitan Elnur Cəfər oğlu Cəfərov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.

Elvin Əhmədov
www.oxu.az