Bu gün biz müstəqil Azərbaycan cəmiyyətində yaşayan hər bir vətəndaş üçün önəmli olan bir mövzu ətrafında söhbət edəcəyik.

İlk öncə Azərbaycan Respublikasının Milli bayrağına fikir versək hər bir rəngin ayrı bir məna kəsb etdiyini görərik. Bayrağımızda yer alan yaşıl rəng Allaha, Onun bir din olaraq seçdiyi İslam dininə, Onun rəsulu Məhəmmədə (s.a.v.), Onun kitabı Qurani-Kərimə tarixlər boyu nə qədər önəm verməsinin bəhrəsi olmuşdur.

Həqiqətən Allah dünyaya olduqca mühüm, xeyirli, insanlara rəhmət olan nemətlər bəxş edib ki, bu nemətlərdən də ən böyüyü insanların ən şərəflisi, ən əxlaqlısı və ən elmlisi, Allahın yer üzünə göndərdiyi ən sonuncu peyğəmbəri Məhəmməd (s.a.v.), Onun yolu və Qurani-Kərimdir. Quran Allaha iman gətirən mömin insanlar üçün şəfa və mərhəmətdir. Necə ki, Allah Qurani-Kərimdə buyurur:
“Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların ancaq ziyanını artırır” (İsra, 82).
Allah-Təala Qurani-Kərimi bütün insanlar üçün nazil edib ki, Onun heç bir şəriki olmadığını bilərək, oxuyub araşdıraraq, Quranı özlərinə rəhbər tutaraq yaşasınlar.
Bizləri müsəlman olaraq yaratmış Allaha sonsuz sayda həmd və sənalar olsun. O bizi milliyyətindən, cinsindən və irqindən asılı olmayaraq Qurani-Kərimlə və peyğəmbər olaraq hidayət rəhbəri, nümunə alacağımız şəxsiyyətlə şərəfləndirib.
Biz aciz bəndələrin ona yaxınlaşması, hərtərəfli kamilləşməsi üçün dünya-axirət xoşbəxtliyini və səadətini qazana bilməyimiz üçün Allah (s.t) bizə halalları və haramları bildirdi, doğru yolu göstərdi. Ona yaxın olmağımız üçün bizə itaət və ibadət etməyi öyrətdi. Onun razılığını və mükafatını qazanmaq üçün bizə fürsətlər verdi.

Bu fürsətlər içində Ramazan ayını ona qarşı daha məsuliyyətli və yaxın olmaq, ondan daha çox çəkinmək üçün seçdi.
Ramazanda Qurani-Kərimi, İlahi vəhini, Tövhidi nazil etdi. İnsanları zülmətdən nura çıxaracaq İslamı nazil etdi. Başqa heç kimin Onun kimi yarada bilməmiş və yarada bilməyəcəyini Ramazanda etdi.

İnsanlığın böyük öndəri Rəsulullah Muhamməd Mustafaya (s.a.v.) peyğəmbərliyi məhz Ramazanda verdi. Onu bütün peyğəmbərlərə və insanlara imam etdi. Vəhy və peyğəmbərliklə bərabər böyük və qiyamətə qədər davam edəcək olan ilahi bir mədəniyyəti bəşəriyyətə Ramazanda nazil etdi.
Saxta və uydurma olan hər şeydən uzaqlaşaraq, onları tərk edərək, yalnız və yalnız Allaha istiqamətlənməyi və ona ibadət etməyi Ramazanda bildirdi.

Bu şəkildə ona ibadət edənlərin nəfsin köləliyindən azad olaraq həqiqi hürriyyətin yollarını və axirət qurtuluşuna çatma yollarını Ramazanda göstərdi.

Maddi və mənəvi təmizliyi Ramazanda əmr etdi.

Oxu əmri ilə elmi, irfani, əxlaqi, ədəbi etikanı Ramazanda öyrətdi.
Bütün bunları Ramazan ayının son 10 gecəsindən biri olan mübarək Qədr gecəsində nazil etdi. O Qədr gecəsi ki, min aydan daha xeyirlidir. O elə bir mübarək gecədir ki, o gecə Rəbbimizin izni ilə mələklər və ruh Cəbrayıl (a) yerə enərlər. O gecə dan yeri sökülənə kimi büsbütün salamatlıqdır, əminamanlıqdır. Qədr gecəsi elə bir gecədir ki, o gecə heç bir bəla nazil olmaz. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər.

Ramazan elə bir aydır ki, bu ayda Allah cənnətin qapılarını açar, cəhənnəmin qapılarını isə Allahın əmrlərinə itaət edənlər üçün bağlayar. Oruc sizə fərz qılındı ayəsi ilə Ramazanı bütün ayların sultanı elan edən Rəbbimiz sultan ayında yalnız və yalnız uca yaradıcıya ibadət, qulluq, məsuliyyət və yaxınlaşma məqsədini daşıyan, insana ən ülvi hisslərin aşılandığı, sultanlara yaraşan oruc ibadətini əmr etdi və buyurdu:
"Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz (təqvalı olasınız)" (Bəqərə, 183).

Həmçinin bizlərə oruc tutmaqla bərabər fərz əməlləri yerinə yetirmək və günah işlərdən əl çəkməyi əmr etmiş və öz Rəsulunun dili ilə onu bizlərə bu cür çatdırmışdır. Peyğəmbər (sav) buyurur:
“Kim yalan danışmağı, ona əməl etməyi və cahilliyi tərk etmirsə, Allah təala onun tərk etdiyi yemək-içməyə baxmaz”. (Buxari rəvayət edir).

İnsan oruclu olduqda, nəfsi hər dəfə günah etməyə meyl edərkən o, oruclu olduğunu yadına salır və beləcə özünü günahdan çəkindirir. Ona görə də, Peyğəmbər (s.a.v.) oruc tutan kəsə əmr etmişdir ki, bir kəs onu söyəndə və təhqir edəndə belə söyləsin: “Mən orucam”. Bununla (söyüş söyən və təhqir edən kəsi) onu xəbərdar edir ki, Allah təala oruc tutan insana söyüş söyməkdən, təhqir etməkdən çəkinməyi əmr etmişdir və həmçinin oruc tutana oruclu olduğunu və söyüş söyənə, nalayiq sözlər işlədənə qarşı eyni cür hərəkətlə cavab verəməyəcəyini xatırladır.
Rəbbimizin bizlərə qarşı bu qədər mərhəmətdə və rəhmətdə olması ilə Ona qarşı nə cür olmağımızı xatırlayaq ki, bəlkə bununla axirət günü bizlərə rəhm edə...
Pərviz Babayev
www.oxu.az