Oxu.Az blogger Vyaçeslav Sapunovun Azərbaycan Respublikası təhsil naziri Mikayıl Cabbarovla eksklüziv müsahibəsini təqdim edir:
- Akademik göstəricilər nə vəziyyətdədir? Çoxları səviyyənin enməsindən şikayət edir.
- Əgər mən problemin içinə dalmayan və rəqəmlərdən xəbərsiz biri olsaydım mən də şübhələnərdim. Amma son üç il üçün olan statistika – iki fənn üzrə statistika – Riyaziyyat və Ana dili üçün biliklərin qiymətləndirilməsinə Təhsil Nazirliyi heç cür təsir edə bilməz. Marker ilə qeyd etdiklərim yaxşı və ya qənaətbəxş qiymət alan şagirdlərin sayıdır. Və göründüyü kimi davamiyyət artır, vektor göz qabağındadır...
Təəssüf ki, təhsili siyasi diskussiyaların əsiri ediblər. Və hərədə bir çıxış yolu var...
- Təbii ki, hamının siyasətdən, futboldan və uşaq tərbiyəsindən anlayışı var.
- Və hamıdan çox faktlara əsaslanmayanların səsi gəlir. Mən isə söhbəti fakt və rəqəmlər üzərində qurmağa üstünlük verirəm. Bəli, problemlərimiz var, bəli, biz şüurlu şəkildə onlar haqqında susmamağı, onları cəmiyyətdə müzakirə etməyi qərara aldıq. Hətta bəzi hallarda qabartmağı qərara aldıq. Bu, islahatların əsas şərtidir. Çünki problemi düzgün təyin etməsək, həll edə bilmərik. Adətən təhsildə hər şey pisdir və heç yerdə belə bir şey yoxdur.
Buyurun, digər statistikaya baxın. Bu cədvəldə məktəblilərin orta təhsilini başa vura bilmədikləri ölkələr göstərilib.
Bu, OECD (İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı. 2013-cü il üçün təhsilin vəziyyəti barədə 400 səhifəlik hesabat. Buradan yükləyə bilərsiz – V.S.) saytının məlumatıdır, buna isə bildiyiniz kimi biz heç cür təsir edə bilmərik.
Problem haqqında danışmağı sevirlər, amma heç kim bu fənlər üzrə əlaçıların iki alanlardan çox olduğunu xatırlamır. Bu, obyektiv statistikadır. Amma heç kim bu haqda yazmağa tələsmir, çünki müsbət xəbər o qədər də maraqlı deyil. İndi qəbul imtahanları bitir. Və biz ilk olaraq ötən illərin abituriyentləri üçün qəbul imtahanları keçiririk, yəni daha öncə qəbul olmayanlar üçün. Və mətbuatda “xəbər” çıxır ki, ötən illərin məzunları pis nəticə göstəriblər. Belə bir sualım var: onlar niyə yüksək nəticə göstərməli idilər ki? Əgər onlar yüksək nəticə göstərmək iqtidarında olsaydılar, onlar çoxdan tələbə olardılar. Məncə əslində, bu məzunların arasında ikinci və ya üçüncü il qəbul imtahanı verərək daxil olmalarına təəccüblənmək lazımdır. Axı illərlə bizim məktəb biliklərimiz azalır. Mən təhsil problemlərini cəmiyyətdən təcrid edilərək həll etməyin mümkün olmadığını deməyə çalışıram. Demək olmaz ki: “Uşaqlar bizə zaman verin, beş il sonra qayıdın və biz sizə əla nəticələr göstərəcəyik”.
- Tənqid sizə yardım edirmi?
- Problemə işarə edən sağlam rəqabət yardım edir. Tənqid faktlara, analizə əsaslanarsa, təbii ki, faydalıdır. Bizim səsləndirdiyimiz və hətta haqqında susduğumuz problemlərimizin olmasına baxmayaraq şagirdlərimiz beynəlxalq müsabiqələrdə qalib gəlir, məzunlarımız Yel, Berkli və Oksford universitetlərinə daxil olur.
- Proqramlara gəldikdə... Mənim fikrimcə, altı yaşlı birinci sinif şagirdi üçün üç dili – rus, Azərbaycan və ingilis dilini öyrənməyə başlamaq – həddən artıq mürəkkəbdir. Mən oxuduğum uzaq illərdə Azərbaycan dilinə 2-ci sinifdə, ingilis dilinə dördüncü sinifdə başlayırdıq. İndi isə hər şey eyni anda. Bu nə qədər məqsədəuyğundur?
- Çox yaxşı sualdır. Burada söhbət təhsil standartlarından gedir. Və biz burada dilemma ilə qarşılaşırıq: bir tərəfdən biz hər şeyi bilmək istəyən, bilən və bilməli olan super-meqainsan tərbiyə etmək istəyirik. Buna baxmayaraq sistemin vəziyyətini və sosial-iqtisadi şərtləri unuduruq. Biz minimal və maksimal bilik səviyyəsi standartları altında nə başa düşürük?
Empirik çıxarışı tədricən təsdiqləyən intuitiv çıxarışla bölüşüm. Son iki onillik ərzində minimal bilik səviyyəsinin deyil, ideal bilik səviyyəsinin standart olduğu görünür. Baxmayaraq ki, üç və ya beş dil öyrənmək qabiliyyətinə malik olan uşaqlarla yanaşı, bu proqramı mənimsəməyə qadir olmayan uşaqlar da olub. Biz də bütün bunlar haqqında düşündük. Və bilirsiz nədən düşünməyə başladıq? Nəyə görə bəzi məktəblərdə uşaqlar dərsə həvəslə gedir, bəzi məktəblərdə isə məcburi. İş ondadır ki, bəzi məktəblərdə dərslər çox maraqlı təqdim edilir, uşaqlar özlərini orada daha rahat hiss edirlər. Uşaq nəyisə anlamayanda, o dəqiqə qapanır – müdafiə reaksiyası baş verir.
Materialın təqdim edilməsi, pedaqoqun peşəkar hazırlığının yüksəldilməsi ilə yanaşı, məktəb proqramının tətbiq edildiyi yerdən asılı olaraq yenidən nəzərdən keçirməliyik. Mən əminəm ki, kənd məktəbində fənn seçimi rayon mərkəzi məktəblərində və şəhər məktəblərində fənn seçimindən fərqlənməlidir. Çünki məktəb bizə gələcəkdə müstəqil həyat bacarıqlarını aşılayır. Və bu bacarıqların toplusu insanın seçdiyi yoldan asılı olaraq dəyişməlidir. Əgər insan “ağ yaxalıq” olacaqsa bir, amma kənd təsərrüfatı ilə məşğul olmaq istəyəcəksə digər topludan istifadə etməlidir. Bir ölkə ərazisində kontekstdən asılı olmayaraq ortabab adam yaratmaq istəyi məhvedici və təhlükəlidir.
Proqramlara gəldikdə isə əsasən də üç dil ilə əlaqədar hər şeyin dəyişəcəyi mexanizm vacibdir. Fənni birdən-birə proqramdan ləğv etmək olmaz. Həm də kiminsə üç dil öyrənmək istəyini nəzərə almaq lazımdır... Mənim fikrimcə, insanın bir dili mükəmməl bilməyi üç dili yarımçıq bilməyindən yaxşıdır. Kurikulumun nümunəsində yeni yanaşmaların, yeni metodikaların tətbiqinin ağrısız ərsəyə gəlmədiyini görürük.
- Köhnə və müasir sistemləri müqayisə etsək, məsələn, mənim üçün indi hamının alışdığı testlər belə yenilikdir.
- İstəməzdim ki, indi deyəcəklərim yalnız Azərbaycan kontekstində anlaşılsın, çünki bu universal problemdir, amma iş ondadır ki, biliklərin qiymətləndirilməsi standartları və ya sadə dil ilə desək, testlər heç də birmənalı effekt vermir. Keçən il biz dövlət proqramı üçün və ya indi SABAH üçün (Savadlı – Bacarıqlı – Hazırlıqlı, Təhsil Nazirliyinin nəzdində olan ali məktəblərdə qrupların yaradılması üçün Təhsil Nazirliyinin təşəbbüsüdür), tələbə seçirik, onlar standart test imtahanlarında yüksək nəticələr göstərərək “diplomatiya”, “hüquq” ixtisasları üzrə ali məktəblərə daxil olublar. Və? Onlar Kissinceri fransız, Lenini isə Rusiya prezidenti hesab edirlər... Onlar hesab edirlər ki, – sitat gətirirəm! – hüquqşünaslar müştərinin maraqlarını qorumaq üçün yalan danışa bilər və danışmalıdır da... Mən bir çox belə misal gətirə bilərəm.
Ümumi erudisiya ilə problem var. Bu testlərdən imtina etməyimiz lazımdır anlamına gəlirmi? Xeyr. Çünki bu bizə bilikləri eyni şərtlərdə yoxlamağa imkan verir. Bu yoxlama aləti yeganə meyar olmalıdırmı? Məncə, olmamalıdır. Məncə, əsaslardan biri olmalıdır.
Bu barədə beynəlxalq praktika nə deyir? Dünyanın ən yaxşı universitetlərinin heç biri sizi GMAT, IELTS və ya hər hansı bir başqa standartlaşdırılmış imtahan əsasında tələbə kimi qəbul etməyəcək, siz fikrinizi ifadə etməyi, esse yazmalı, müsahibədən keçməli və niyə məhz bu ixtisas üzrə təhsil almaq istədiyinizi əsaslandırmalısınız. Mən Azərbaycanda mərkəzləşdirilmiş qəbul imtahanı sistemindən imtina etməyi təklif edirəmmi? Xeyr, mən ehtimal edirəm ki, neqativ hallarla mübarizə kontekstində bu sistem böyük rol oynayır. Hesab edirəmmi ki, bu parametrlərə digərlərini də əlavə etmək lazımdır? Sözsüz! Ali məktəblərimizin tələbə seçimi imkanı olmadan, onların beynəlxalq səviyyəyə keçməsindən danışmaq olmaz. Ali məktəblərimiz bu sistemə keçməyə hazırdırlarmı? Xeyr, amma bəziləri başqalarından daha çox hazırdır... Bütün bunları niyə deyirəm. Təhsil siyasəti sahəsində tətbiq etdiyimiz istənilən həll yollarına müəyyən zamandan sonra yenidən baxılmalıdır, bu, dəyişən sosial-iqtisadi şəraitə uyğunlaşmaq üçündür. Təhsilə yanaşmanın yeni prinsiplərində bu hər bir uşağın fərdi qabiliyyətinin nəzərə alınmasıdır.
- Təhsil sistemi ənənəvi metodika və prinsiplərdən yeni prinsiplərə keçidin öhdəsindən nə dərəcədə gəlib? Mən kurikulum və buna bənzəri nəzərdə tuturam.
- İstədiyimiz səviyyədə yox. Səbəb çoxdur: pedaqoqlar lazımi səviyyədə hazırlıqlı deyillər, yeni müəllimlərin hazırlanması sisteminə vaxtında dəyişikliklər edilməyib, tədris materialları və s. bu prinsiplərin günahkar olması deməkdirmi? Heç də yox. Prinsiplər tamamən düzgündür. Müasir təhsil çoxdandır ki, “Məlumatı öyrəndin – soruşdular – qiymətləndirdilər” formulundan imtina edib. İnformasiya üçün Google və Wikipedia var. Bu, uşaqlarda yadda saxlamaq bacarığını inkişaf etdirməyin lazım olmaması anlamına gəlirmi? Şübhəsiz ki, yox.
- Proqramın dəyişməsinə dair yeni proqram varmı?
- Var. Biz artıq bu istiqamətdə çalışırıq.
- Yeni proqrama təkamül keçidi nə qədər sürəcək?
- Gələn tədris ili biz artıq müəyyən şeyləri elan edə biləcəyik. Və bir il sonra bu yenilikləri tətbiq etməyə başlayacağıq.
- Dərsliklərlə əlaqəli məsələ də qaçınılmazdır. Dərsliklər bazasının yenilənməsi nə qədər çəkəcək?
- İcazə verin, sizə dərsliklərin yenilənməsi texnologiyası haqqında danışım. Keçən ilin aprel ayında təhsil naziri vəzifəsinin icrasına başladığım zaman aşkar etdim ki, sentyabr ayının 15-də dərsə gələcək altıncı sinif şagirdləri üçün dərslik yoxdur. İş onda deyil ki, bu dərsliklər çap edilməyib, onlar heç yazılmayıb! Dərsliklər yoxdur!!!
- Sadəlövh sualıma görə bağışlayın... Bəs əvvəlki illərin sinifləri necə oxuyurdu?
- Əgər siz xatırlayırsızsa 7 il öncə biz kurikuluma keçdik. Onu yalnız birinci sinifdən tətbiq etdik. Bu isə o demək idi ki, o zaman 2-ci sinifdə və daha yuxarı siniflərdə oxuyan uşaqlar köhnə proqramla oxumağa davam etdilər. Çünki kurikulum təhsilə yeni yanaşma, yeni format, məsələlərin yeni qoyuluşu, təhsilin yeni məğzidir. Uşaqları yeniliyə köhnə dərsliklərlə tədris etmək mümkün deyil!
- Yəni altı il mərhələlərlə dərsliklərin yenilənməsi prosesi gedirdi?
- Bəli. Hər il Təhsil Nazirliyi bir sinif üçün dərsliklər hazırlayırdı. Birinci il birinci siniflər üçün, ikinci il ikinci sinif üçün və s. Yeni dərsliklər artıq kurikuluma görə hazırlanırdı. Dərslik nədir? – bu, məna və metodika deməkdir. Yeni tərkib və metodikaya uyğun dərslik hazırlamaq üçün bu metodikanı bilmək lazımdır. Təbii ki, yeni metodika tətbiq edərkən yetərli sayda nə və necə yazmaq lazım olduğunu bilən mütəxəssislərin çatışmazlığı meydana çıxır. Yeddi il bundan öncə buraxılan səhv kuriklumun ani tətbiq edilməsindən ibarət idi. Adətən kurikulumu birinci il məhdud saylı məktəblərdə xüsusi hazırlıqlı müəllimlərlə sınaqdan keçirirlər. İl ərzində isə bu müəllimlərdən rəylər toplanılır. Sonra isə bu feed-back təhlil edilir, proqram korrektə edilir və sonra artıq ümummilli səviyyədə tətbiq edilir. Eyni anda birinci, beşinci və səkkizinci siniflərdə də. Beləliklə, keçid dörd il ərzində həyata keçirilir. Bizdə isə bu, uzandı. Və sınaq müddətinin olmaması ciddi səhv idi. İkinci səhv isə yeni vəsaitlərin köhnə mütəxəssislərə sifariş edilməsi idi: “Buyurun, yeni standartlar alın, yeni dərsliklər yazın”. Və onlar bacardıqları kimi yazdılar. Və bu, uzun müddət davam etdi.
Qanunvericiliyə uyğun olaraq hər yay tender keçirilirdi. Onun şəffaf və ya qeyri-şəffaf keçirilməsi ayrı məsələdir, indi söhbət tərkib hissəsi barədə gedir. Tenderdə arzu edən hər kəs iştirak edə bilərdi. Təsəvvür edin ki, bizdə 27 fənn var. Hər birinə dərslik lazımdır. Bəzi fənlər üzrə bir neçə dərslik təklif edilirdi. Bəzilərindən bir və ya iki, bəzilərindən isə ümumiyyətlə, heç bir dərslik təqdim edilmirdi! Yəni proqramda fənn var, amma dərslik yazmaq istəyən yoxdur. Aydındır ki, tenderdə bir fənn üzrə bir neçə dərslik iştirak etdiyi an çapa ən çox bal qazanan dərslik verilirdi. Sual meydana gəlir: Bəs fənn üzrə bir və ya bir neçə dərslik təklif edilir, amma onların heç biri keyfiyyət baxımından qənaətbəxş olmursa onda nə etməliyik?!
- Yəqin ki, pislərdən ən yaxşısı seçilirdi...
- İkinci sual: Fənn üzrə heç bir dərslik təqdim edilmirsə? Deməli, tenderdə başqa bir fənn dərsliyi üzrə qalib gəlmiş birinə göstəriş verilirdi: “Fransız dili üzrə dərslik yaz. Yoxsa uşaqlar məktəbə gələcəklər, dərs vəsaitləri isə yoxdur”. Və prosesi təsəvvür edin: yayda tender keçirilir, ekspertlər təklif edilənlər arasında ən yaxşını seçirlər, kitab sentyabrda məktəblilərə təqdim olunmaq üçün çapa gedir. Bu isə o deməkdir ki, müəllim və şagirdlər məktəbə gəldikdə dərsliyi ilk dəfə görürlər!
Hal-hazırda hər bir dərsliyin yaradılması prosesi gedir. Yəni aydındır ki, texnoloji prosesdə böyük problemlər var. Bu il hansı inqilabi dəyişiklik etmişik? Biz həm yeddinci, həm də səkkizinci sinif üçün dərsliklər təqdim etmişik. Yəni sentyabrda məktəbə gələcək uşaqlar üçün həm bu il, həm də həmin uşaqların gələn il tədris keçəcəkləri dərslikləri hazırlamışıq. Səkkizinci sinif üçün dərslikləri minimal tirajla çap edib müəllimlərə paylayacağıq ki, onlar öz fikirlərini bildirsinlər. Bu dərslikləri sayta yerləşdirərək valideynlərə göstərəcəyik: “İrad və şərhləriniz üçün bir il vaxtınız var!”. Bundan sonra lazımi dəyişiklikləri edəcəyik və yalnız bundan sonra rəsmi şəkildə TQDK-ya (TQDK – Tələbə Qəbulu üzrə Dövlət Komissiyası. – V.S.) göndərəcəyik.
- Bu dərsliklərin müəllifləri kimlərdir?
- Cari qanunvericiliyə müvafiq olaraq mən müəllif təyin etmirəm. Heç kimi dərslik yazmağa məcbur edə bilmərik. Azərbaycan Respublikası Təhsil Nazirliyi SSRİ-nin Təhsil Nazirliyindən fərqli olaraq dərsliklər hazırlamır. Mən, hətta işçiləri işə Dövlət Komissiyası vasitəsilə qəbul edirəm, çünki Təhsil Nazirliyində fizikaçı, kimyaçı, rəsmxət mütəxəssisləri deyil, dövlət qulluqçuları və məmurları çalışır. Bu, tamamilə başqa peşədir! Dərsliklərin hazırlanmasında arzu edənlər iştirak edir. Düzdür, biz ali məktəbləri, kafedraları cəlb edirik, bəli mən rektorları tənqid edirəm: “Niyə sizin institutun yaxşı bazası varsa, dərslik hazırlamaqda yardım etmir?”. Amma fakt odur ki, biz heç kimi dərslik hazırlamağa məcbur edə bilmərik. Hələlik nə edə biləriksə onu edirik, yəni seçimin ədalətliliyini təmin edirik, əmin oluruq ki, təqdim edilənlərin ən yaxşısı seçilib. Ekspert komissiyası öz seçimini etdikdən sonra müsabiqəyə təqdim edilən dərsliklər nömrələnmiş zərflərə qoyularaq, onlarla tanış olmaq üçün üç qrupa: TQDK nümayəndələrinə, ali məktəb nümayəndələrinə və ən yaxşı məktəb müəllimlərinə təqdim edilir. Bu yolla biz müxtəlif mütəxəssislərdən müstəqil dəyərləndirmə nəticəsi və daha aydın təsvir əldə etmiş olduq. Yəni hər üç qrupda yüksək qiymət alan dərsliklər yaxşı olmalarına şübhə yaratmırdılar, amma əgər eyni dərslik müxtəlif qruplarda fərqli qiymət alırdısa, xüsusi işçi səbəbi araşdırırdı. Beləliklə, dərslik seçimi bir qədər dəqiqləşdi. Və heç bir halda demək olmaz ki, Təhsil Nazirliyi bu dərslik üzərində çalışmır. Biz onların arasında ən yaxşı dərsliyi seçərkən, metodoloji tövsiyələr veririk, qısa zaman ərzində mümkün olan qədər onu təkmilləşdirməyə çalışırıq, axı sentyabrın 15-nə qədər çatdırmalıyıq...
Amma dediyim kimi, səkkizinci sinif üçün dərsliyi test rejimində çap edəcəyik, və onu əvvəldən baxışa buraxacağıq.
- Bütün bu sistemi dəyişməyi düşünmürsüz?
- Biz hökumətə dərsliklərin hazırlanması sisteminin dəyişdirilməsi barədə təkliflə müraciət etmişik. Gənc ölkə üçün tamamilə yeni dərsliklər hazırlamaq asan deyil. Bəli, hər şeyi indi və anında istərdik. Amma belə olmur. Bu illər ərzində pozitiv təcrübə yığılıb, mərkəzlər yaradılıb, müəlliflər meydana gəlib, onlar təbii ki, dördüncü dərsliyi birincidən daha yaxşı yazacaqlar... Biz bütün bunları məhv etmək istəmirik. Olanların arasından yaxşıları seçib möhkəmləndirmək lazımdır.
- Necə möhkəmləndirmək?
- Biz ixtisaslaşdırılmış mərkəz yaradırıq, onun vəzifəsi, “rezerv dərslik”in yaradılması olacaq. “Rezerv dərslik” nə deməkdir? Bu dövlət sifarişi ilə bir qrup mütəxəssis tərəfindən hazırlanacaq və tenderə təqdim edilən kitablardan heç biri lazımi meyarlara uyğun olmadığı halda tətbiq ediləcək.
Bu mexanizmdən bir sıra ölkələrdə istifadə edilir.
- Yəni meyarlar müəyyən ediləcək: əgər daha yaxşısını hazırlaya bilərsinizsə, buyurun.
- Bəli. Və istənilən halda minimal standartı təmin edirik.
- Müəlliflərlə vəziyyət niyə bu qədər pisdir? İnanmaram ki, bizdə hər bir fənn üzrə savadlı mütəxəssislər olmasın.
- Çünki müəlliflərin mükafatlandırma sistemi yaradılmayıb. Müəlliflərə dərslik yazmaq maraqlı olmayıb. İş çoxdur, mürəkkəbdir. Bunun əvəzində isə demək olar ki, qəpik-quruş alırdılar. Hələ reputasiya riski də var: gəlir böyük deyil, amma necə lazımdı tənqid edilə bilərdi. Ona görə də biz bu sistemi də dəyişdik. İndi bu dərsliyin istifadə edildiyi müddət ərzində müəllif mükafatlandırılacaq. Dərsliyin yenidən nəşr edilməsi hallarında xüsusi qonorar nəzərdə tutmuşuq.
Bilirsiz dərslik əvvəllər necə qiymətləndirilirdi? Mətninə görə deyil, ümumilikdə. Və tenderlərdə tipoqrafiyalar iştirak edirdi! Hər bir dərsliyin kompleks qiyməti var idi. Mən birinin mətnini, birinin bədii tərtibatını, digərinin isə çap keyfiyyətini götürə bilməzdim. Hər şeyi toplu halda götürmək lazım idi. Necə deyərlər, fil üstündə bülbül... İndi isə biz müstəqil şəkildə tərkibi yoxlayırıq, sonra isə seçirik. “Bu dərsliyi kim və neçəyə çap edəcək?”.
15 aya, hətta 3 ilə belə 11-ci sinfin hər biri üçün 15-20 fənn üzrə dərslikləri dəyişmək... Mənə bu işin öhdəsindən gələ biləcək müəllif qrupunu göstərin.
- Ümumilikdə neçə dərslik lazımdır?
- 200-ə yaxın, həm də bizim iki sektorumuz var: Azərbaycan və rus... hesablayın. Təbii ki, yeni dərsliklərdə səhv və yanlışlar da ola bilər. Amma bu səhvlərin sınaq müddəti ərzində aşkar edilib aradan qaldırılması şansı daha çoxdur, nəinki son iki həftə ərzində. İndiyə qədər məhz belə edilirdi. Bir sözlə iş gedir. Bəli, bu dartılan saqqızdır, və narazı olanlar da var, çünki maneələr çoxdur. Amma sabah siz bəhrəsini görəcəksiniz. Biz insanlara gələn aydan bütün dərsliklərin dəyişəcəyini deyə bilmərik. Müxtəlif yanaşmalar var. Məsələn, Oksford, Kembricdə hazırlanan mövcud dərsliklərin adaptasiya edilməsi kimi yanaşma mövcuddur. Burada mənfi və müsbət tərəflər var. Müsbətlər bu dərsliklərin ən yaxşı mütəxəssislər tərəfindən hazırlanmasıdır. Mənfilər isə ondan ibarətdir ki, bizdə sosial yönümlü fənlər var, bu fənlər şəxsiyyəti formalaşdırır. Biz Azərbaycan vətəndaşını Oksfordda hazırlanan ədəbiyyat və ya coğrafiya dərslikləri üzrə tərbiyə edə bilmərik.
- Azərbaycanda İnklyuziv təhsil perspektivləri nə vəziyyətdədir?
- Bu, çox vacib məsələdir. İnklyuziv təhsil, nazirliyin prioritetlər proqramına daxildir. İnklyuziv təhsilin tətbiqi bir sıra suallarla müşayiət edilir: pedaqoqların hazırlığı, maddi-texniki bazanın formalaşdırılıb və təkmilləşdirilməsi. Hazırladığımız strategiya mərhələlərlə tətbiqi nəzərdə tutur: öncə pilot məktəblər müəyyənləşdiriləcək, burada tətbiq daha öncə olacaq. Çox güman ki, xüsusi şagirdlərin sosial həyata inteqrasiya edilməsi üçün, xüsusi texniki təchiz edilmiş pilot siniflərdən başlayacayıq. Pilot siniflərdən danışarkən əsas məqsədi təhsil prosesi ilə uşaqların sağlamlığının uzlaşması olan “Sağlam Təhsil” layihəsini xatırlamaya bilmərəm. Çünki müasir trendlər bizi narahat edir: ağır dərs proqramı, yüklənmiş portfellər, məktəblilərin zamanın çoxunu parta arxasında oturması, siniflərin erqonomikası və s. Sentyabr ayının 15-dən Bakının altı məktəbində ibtidai siniflərdə “Sağlam Təhsil” pilot metodikası üzrə dərs keçiriləcək.
- Söhbət Vladimir Bazarnının metodikasından gedir?
- O, məsləhətçilərdən biridir. Biz bu layihədə yalnız Vladimir Bazarnının metodikasını istifadə etmirik, eləcə də ABŞ, Kanada, Avropa texnologiyalarından istifadə ediləcək. Sağlamlığın qorunması və keyfiyyətli təhsil çiyin-çiyinə getməlidir.
- Siz müəllimin missiyasından danışdız. Təəssüf ki, etiraf etmək lazımdır ki, bu peşənin prestiji son illərdə çox düşüb. “Müəllim” sözünə əvvəlki qüruru necə qaytarmaq olar? Nə etmək lazımdır? Biz hamılıqla nə edə bilərik?
- Gəlin, sualı iki hissəyə bölək: Cəmiyyət nə edə bilər? Təhsil Nazirliyi nə etməlidir? Cəmiyyət birincisi, daha çox oxuya bilər. Və uşaqlarına kitab oxumağı aşılaya bilər. Bizim ənənəvi dəyərlərimizi qoruya bilər, bu ənənəvi dəyərlər sırasında təhsil, tərbiyə, böyüklərə hörmət, müəllimə xüsusi yer ayrılırdı. Müəllim kəlməsini dilə gətirərkən, bu kəlmənin mənasını bilməliyik.
Təhsil Nazirliyinin vəzifələri nədir? Biz gənclərdə bu sənətə marağı artırmağa çalışırıq, bu peşəni şüurlu seçim peşəsi etmək istəyirik. Bunun üçün dövlət başçısının diqqəti altında pedaqoji universitetin kampusunun layihəsi hazırlanır. Gələcək müəllimlərin dünyagörüşü və keyfiyyətli təhsilinə vasitə olan mühit yaradılacaq. Bu il paralel olaraq tələbələrin maddi mükafatlandırılması proqramını tətbiq etməyə başladıq, bu qəbul imtahanlarında yüksək nəticələr göstərən, və ixtisas kimi “tədrisi” birinci və ya ikinci seçən tələbələrə aiddir. Bu ildən əlavə 100 manat təqaüd 300 tələbəyə ödəniləcək. Hesab edirik ki, bu gənc müəllimlər üçün əlavə stimul olacaq. Biz müəllimlərin karyera inkişafına görə müəyyən addımlar atmışıq. Yaxın aylarda bunu açıqlamağa hazırlaşırıq. Baş nazirin göstərişi ilə ucqar kənd və rayonlarda müəllimlərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində paket-təklif hazırlayırıq...
Bilirsiz məni nə narahat edir, Slava? İndiki zamanda hər şeyin maddiyyata bağlanması. Yəni hamı gəlir mənbəyini açmağa çalışır. Məni düzgün başa düşün, demirəm ki, bu, mühüm deyil. Amma bu bütün dəyərləri əvəz edə bilməz. Uşaqlar kosmonavt, səyahətçi, memar və ya digər birbaşa pul qazanmaqla əlaqəsi olmayan sənətlərə yiyələnməyi arzu etməlidirlər. Bax, biz bunu bərpa etməyənə qədər, təfəkkürdə dönüş etmədən... aydındır ki, kapitalizmdir... Amma cəmiyyət hər şeyin məhz maddi tələbatın ödənməsinə xidmət edən qərarların qəbul edildiyi vəziyyətə enməməlidir. Qeyri-maddi tələbatlar da mövcuddur. Bəli, bu populyar deyil, bu səbəb nəticəsindən mürəkkəbdir. Amma çalışmaq, səy göstərmək lazımdır. Mənim bu barədə ideyalarım var, onlar barədə yəqin ki, gələn dəfə danışacam.