ABŞ Hərbi Hava Qüvvələrinin hərbçisi Texas ştatının San-Antonio şəhərində futbol matçından əvvəl keçirilən nümayiş zamanı hündürlükdən yıxılaraq həyatını itirib.
Oxu.Az "Task & Purpose" nəşrinə və Nellis aviabazasının nümayəndəsinə istinadən xəbər verir ki, hadisə "Alamodome" stadionunda baş verib.
Qəza San-Antoniodakı Texas Universitetinin komandası ilə ABŞ Hərbi Dəniz Akademiyasının komandası arasında keçirilən oyundan əvvəl qeydə alınıb. Hərbçilərə və veteranlara həsr olunmuş mərasim çərçivəsində dörd hərbçi stadionun dam örtüyünün altındakı konstruksiyalardan kəndirlə enməli idi.
Eniş zamanı hərbçilərdən biri idarəetməni itirərək sürətlə aşağı sürüşüb və yerə çırpılıb. Ona meydanda ilkin tibbi yardım göstərilib, daha sonra həyati təhlükəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndələri sonradan hərbçinin öldüyünü təsdiqləyiblər. O, 6-cı Təlim-Döyüş Eskadrilyasının bölməsində xidmət edirdi.