İtaliyanın Milan şəhərində təxminən 2 000 gəncin iştirakı ilə baş verən iğtişaşlar zamanı kafedral kilsəyə aparan küçəyə ziyan dəyib.
Oxu.Az "La Repubblica" nəşrinə istinadən xəbər verir ki, hadisələr zamanı polislə toqquşmalar baş verib, təxminən 100 nəfər polis bölmələrinə aparılıb.
Vəziyyətin gərginləşməsindən sonra şəhər mərkəzindəki bir çox bar və mağaza bağlanıb. Kafedral kilsəyə giriş vaxtından əvvəl dayandırılıb, içəridə olan bütün şəxslər isə arxa qapılardan çıxarılıblar.
Milanda tələbə nümayişləri, yaşayış xərclərinin və yanacağın qiymətinin artmasına qarşı etirazlar fonunda iğtişaşlar artıq üçüncü gündür davam edir.
Rəsmi məlumatlara görə, 140-dan çox polis əməkdaşı xəsarət alıb. İtaliyanın Baş naziri Corca Meloni oktyabrın 19-na hüquq-mühafizə orqanlarının və Daxili İşlər Nazirliyinin rəhbərlərinin iştirakı ilə təcili müşavirə çağırıb.
Hökumət zorakılıq və vandalizm hallarını pisləyib. Küçə iğtişaşları siyasi qüvvələr arasında da qarşıdurmaya səbəb olub. Belə ki, hakim sağ-mərkəzçi koalisiya sol-mərkəzçi müxalifəti etirazlara şərait yaratmaqda və iğtişaşları pisləməməkdə ittiham edir.