Bəhreyndə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqədə şübhəli bilinən 41 nəfər saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə ərəb dövlətinin Daxili İşlər Nazirliyi (DİN) açıqlama yayıb.
Məlumata görə, saxlanılan şəxslər İrana casusluqda ittiham olunurlar.
Qeyd olunur ki, ələ keçirilən şəxslər SEPAH-ın sözügedən ərəb ölkəsində əsas fiqurlarıdır.
Casusluqda ittiham olunanlar barədə hüquqi prosedurlar aparılır.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri bunu təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.
Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.