Qan Turalı yazır...
Hər bir müharibənin qalibi və ya məğlubu olur, qələbə bəzən Pirr qələbəsi olsa belə... Pirr qələbəsi böyük itkilər hesabına başa gələn qələbəyə deyilir. Qələbə ilə qazanılan şey itkilərin yanında ötəri görünür. Misal üçün on min əsgər hesabına kiçik bir kəndi almaq kimi, Ukrayna müharibəsində olduğu kimi... Bəzən çox kiçik bir qəsəbə, ya da şəhər üçün onminlərlə əsgər həlak olur.
Müasir dövrdəki müharibələr əvvəlki dövrlərdən çox fərqlənir. Bu dəyişikliyi ilk dəfə fransız filosofu Jan Bodriyar müşahidə etmişdi. 1990-1991-ci ilin Körfəz müharibəsinin gedişatında Fransanın məşhur "Liberation" qəzetində məqalə yazan Bodriyar belə demişdi: "Bəlkə də Körfəz müharibəsi heç baş verməyib..."
Körfəz müharibəsi medianın texniki inkişafı nəticəsində bütün dünyada televiziyalarda canlı yayımlanan ilk müharibə idi. Bütün dünya müharibəni CNN kameralarından seyr edirdi.
Yaddaşları təzələyək, bu müharibə İraqla beynəlxalq koalisiyanın müharibəsi idi. ABŞ rəhbərliyində, SSRİ, İngiltərə, Fransa, Səudiyyə Ərəbistanı, Suriya, Misirin daxil olmaqla 37 ölkənin daxil olduğu koalisiya qüvvələrinin İraqa qarşı müharibəsi... Müharibənin səbəbi isə İraqın Küveyti işğal etməsi idi.

Bodriyar nəyə görə belə bir mövqe nümayiş etdirirdi? Çünki, müharibə əsas etibarı ilə aviasiya zərbələri ilə aparılırdı. İraq tərəfinin itkiləri barədə heç bir məlumat verilmirdi. Dünya mediası koalisiya güclərinin əlində idi. Onlar da daim İraqı bombalayan təyyarələri, İraqa atılan raketləri göstərirdilər. Bir növ, hər şey təbliğat videolarından ibarət idi. Nəyin doğru, nəyin yalan olduğunu müəyyən etmək mümkünsüz idi. Sanki, hər şey bir film idi. Yeri gəlmişkən, belə bir film də var: "Wag The Dog". Baş rollarda Dastin Hoffman və Robert de Niro oynayır.
Bodriyar görüntülərin aldadıcı ola biləcəyini göstərirdi. Deyirdi ki, bəlkə də heç bir müharibə baş vermir, sadəcə saxta görüntülər televiziya ilə göstərilir. O, bunları deyən zaman nə sosial media vardı, nə də süni görüntüləri hazırlamağa imkan verən "Deep Fake" texnologiyası... İndi bunların hamısı var və buna görə də Bodriyarın görkəmli uzaqgörənliyi üzə çıxır. Bodriyar demək istəyirdi ki, kütləvi informasiya vasitələrinin texniki imkanlarının artması, müharibənin canlı yayımda göstərilməsi o qədər fərqi bir reallıq yaradır ki, bu reallıqla insanları asanlıqla aldatmaq mümkündür.
Müasir dünyada Bodriyarın irəli sürdüyü ideyanın çox daha güclü formada təsdiqlərini tapırıq. Misal üçün, Rusiya-Ukrayna müharibəsini götürək, Rusiya bu müharibəni müharibə belə adlandırmır, ona "xüsusi hərbi əməliyyat" adını qoyub. Bu faktın özü belə Bodriyarın doğruluğunu sübut edir.
İsrail-İran müharibəsinə gəlincə... İsrail müharibənin İranın nüvə potensialını məhv etmək məqsədi daşıdığını bildirir. Ancaq hərbi ekspertlər yerdən az qala bir kilometrə qədər dərinlikdə olan nüvə tədqiqat müəssisələrinin məhvedilməz olduğunu göstərir. İsrail isə möhtəşəm bir müharibə görüntüsü təqdim edir. 200-dən artıq təyyarənin qatıldığı bir nümayiş... Bu qədər təyyarənin eyni anda hücum aparması, bu hücumun koordinasiyası belə misligörünməmiş uğurdur. Ancaq müasir texnologiyalar bu təyyarələrin İrana gəlməsini belə tələb etmir. 900 kilometr mənzildən bu təyyarələrlə dəqiq raket atmaq mümkündür. Yəni, İraq və Suriya üzərindən belə...
İran isə bu təyyarələrin üçünü vurduğunu iddia edir. Sübut kimi ortaya qoyulan görüntülər isə saxta görüntülərdir. İran xalqı buna inanır, elə İsrail xalqı da öz mediasına inanır. Belə çıxır ki, hər iki ölkə media vasitəsi ilə öz xalqına virtual bir müharibə filmi təqdim edir. Bəs həqiqət? Həqiqətə ehtiyac yoxdur, biz "Post Truth" dövründə, yəni həqiqətin gərəksizləşdiyi, əhəmiyyətsizləşdiyi bir dövrdə yaşayırıq.
İran hipersəs və ballistik raketlərlə Təl-Əvivi, Hayfanı, Qüdsü vurur, televiziyalar bu görüntüləri efirə verir. İsrail də İranın bir çox obyektlərini, o cümlədən İran dövlət televiziyasını hədəf alır. Canlı yayımda televiziyanın binasına raket düşür, işıqlar sönür. İsrailin hücumu birbaşa İran televiziyası ilə nümayiş etdirilir. Bu, çox təntənəli bir nümayişdir. Əlbəttə ki, Təl-Əvivdə yanmış, dağıdılmış binalar... İsrailin baş naziri bu binaların qarşısına gedir, onları bütün dünyaya göstərir. Əlbəttə ki, İran da...
Əslində isə bu müharibədə heç kimin qalib gəlməyəcəyi çox dəqiqdir. Nə İsrail İranı yer üzündən silə bilər, nə də İran İsraili... Əlbəttə ki, hər iki tərəfdə insanlar ölür, binalar dağılır, infrastruktura ziyan dəyir. Bu qədəri də olmalıdır əlbəttə. Çünki müharibədir. Ancaq hər iki tərəf üçün bu ziyanlar, itkilər qəbulolunan səviyyədədir. Düzdür, İranın yüksəkrütbəli hərbçiləri həlak oldular. Bu, İsrailin ən görkəmli qələbəsidir. İran da İsrail şəhərlərini raketlə vurmaqla öz qələbəsini qazandı. Ancaq hər tərəfin itkilərini kompensasiya etmək mümkündür.
Sülh danışıqları başlayacaq və nəticədə hər iki tərəf də müharibədə qalib gəldiyini elan edəcək... Bodriyar yenə haqlı çıxdı...