Böyük Britaniya hökuməti ölkənin Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz suüstü aparatlarda quraşdırılmış kameraların Çindəki IP ünvanına texniki məlumatlar göndərdiyini aşkar ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, söhbət Böyük Britaniyanın aparıcı müdafiə podratçısı "Kraken Technology Group" tərəfindən tədarük edilən "K3 Scout" pilotsuz aparatlarından gedir. Cihazlar üçün kameralar daha əvvəl istifadə olunan avadanlığın təhlükəsizliyinə zəmanət verən üçüncü tərəf şirkətindən alınıb.
Bildirilir ki, kameralarda Çin istehsalı olan komponentlər tapılıb. Yoxlamalar nəticəsində məlum olub ki, qurğular Çinə sistemin vəziyyəti haqqında siqnallar - avadanlığın şəbəkəyə qoşulmasını və onun işləkliyini təsdiqləyən texniki informasiya göndərib.
Məlumat ötürülməsinin aşkarlanmasından sonra Böyük Britaniya Müdafiə Nazirliyi cihazları internetdən ayırıb. Nazirliyin sözçüsü bildirib ki, araşdırma zamanı xaricə hər hansı həssas və ya kritik məlumatların sızdırılmasına dair heç bir dəlil aşkar edilməyib.
Bildirib ki, "K3" dronları Hörmüz boğazında gəmiçiliyin hərəkət azadlığını təmin etmək üçün gələcəkdə nəzərdə tutulan Böyük Britaniya tədbirlər paketinin bir hissəsidir.
Nəşr, həmçinin kəşfiyyat dronlarının xüsusi təyinatlıların yüksəkvəzifəli nümayəndələri ilə mühüm müşavirələrin keçirildiyi yerlərin yaxınlığında olması və aparatların özləri söndürüldükdən sonra belə kameraların işləməyə davam etməsi ilə bağlı narahatlıqları da vurğulayıb.
Qeyd olunur ki, "K3" kəşfiyyat pilotsuz aparatları mart ayından etibarən Sahil Qüvvələri Eskadrilyası və Kral Dəniz Piyadalarının 47-ci komando dəstəsi tərəfindən istifadə olunur.