Böyük Britaniyada anomal isti hava şəraiti səbəbindən həyatını itirənlərin sayı artmaqda davam edərək rekord göstəricilərə yaxınlaşır. Təkcə son iki ay ərzində bu səbəbdən 2 877 ölüm halı qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyinə (UKHSA) istinadən yerli "Sky News" telekanalı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, ilkin hesablamalara əsasən, 24-27 may tarixlərindəki isti hava 753 nəfərin, 21-28 iyun aralığındakı kəskin istilər isə daha 2 124 nəfərin ölümünə səbəb olub.
Ölkənin səhiyyə qurumları bu rəqəmlərin hələlik ilkin ehtimallar olduğunu bildiriblər. Buna baxmayaraq, hazırkı vəziyyət istidən qaynaqlanan ölüm hallarının 2022-ci ildəki rekord səviyyəyə sürətlə çatdığını göstərir.
UKHSA-nın ətraf mühit məsələləri üzrə aparıcı elmi işçisi Ross Tompsonun sözlərinə görə, qlobal istiləşmə bəşəriyyət üçün son dərəcə təhlükəli bir prosesdir. Bu, xüsusilə əvvəllər belə yüksək temperaturla qarşılaşmayan Avropa ölkələrinin sakinləri üçün daha ciddi risk yaradır.
Alimlər kəskin isti hava və günvurma səbəbindən ölənlərin sayının gələcəkdə yalnız artacağını proqnozlaşdırırlar.