Böyük Britaniya hökuməti daimi yaşayış icazəsi almaq üçün standart gözləmə müddətini 5 ildən 10 ilə çatdırmağı planlaşdırır. Dəyişiklik qəbul olunarsa, yüzminlərlə əcnəbinin ölkədə daimi yaşamaq hüququ əldə etməsi çətinləşəcək.
Oxu.Az-ın "Financial Times" nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin daxili işlər naziri Şabana Mahmud parlamentdə çıxışı zamanı bildirib.
Yeni qaydalara əsasən, illik gəliri 50 min funt sterlinqdən (təxminən 114 min manat) az olan miqrantlar daimi yaşayış statusu üçün müraciət etməzdən əvvəl ölkədə 10 il yaşamalı olacaqlar. Bununla belə, tələb olunan müddətin tamamlanması avtomatik olaraq müsbət qərar veriləcəyi anlamına gəlməyəcək.
Yüksəkgəlirli mütəxəssislər üçün istisnalar nəzərdə tutulur: İllik gəliri 50 min funt sterlinqdən çox olanlar 5 ildən sonra müraciət edə biləcəklər. Gəliri 125 min funt sterlinqi (təxminən 285.1 min manat) aşan şəxslər isə 3 ildən sonra müraciət hüququ qazanacaqlar.
Həkimlər, tibb bacıları, müəllimlər və sosial qayğı sahəsində çalışan bəzi əməkdaşlar üçün də güzəştlərin saxlanılması planlaşdırılır. Müəyyən şərtlərə əməl etdikləri halda, onlar sürətləndirilmiş prosedurla daimi yaşayış icazəsi ala biləcəklər.
Qanunsuz yollarla ölkəyə gəlmiş bəzi miqrant kateqoriyaları üçün isə gözləmə müddəti 20-30 ilədək uzana bilər. Bu müddət onların hansı şəraitdə yeni hüquqi status əldə etməsindən asılı olacaq.
Dövlətin maliyyə yardımından istifadə edən şəxslərə də əlavə məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur. Müraciətlərə baxılarkən namizədlərin əmək fəaliyyəti, gəlirləri, miqrasiya qanunvericiliyinə riayət etməsi və sosial müavinətlərdən asılılığı nəzərə alınacaq.