Türkiyənin Manisa vilayətində "Cəhənnəm Necati" kimi tanınan Necati Arabacının rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qruplaşmanın əsas şəxslərindən biri hesab olunan 39 yaşlı A.P. saxlanılıb.
Oxu.Az-ın "Hürriyet"ə istinadən məlumatına görə, axtarışda olan şəxs barəsində artıq qüvvəyə minmiş 15 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası var.
Sözügedən əməliyyat İzmir polisinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Kəşfiyyat idarələrinin əməkdaşları tərəfindən birgə həyata keçirilib.
İstintaqın məlumatına görə, axtarışda olan şəxs Manisa ərazisində gizlənibmiş. A.P. cinayət törətmək məqsədilə təşkilat yaratdığına görə İzmirin 20-ci Ağır Cinayətlər Məhkəməsi tərəfindən mühakimə olunmuşdu. O, yaxalandıqdan sonra məhkəməyə gətirilib və barəsində həbs qərarı icra olunub.
Şəxs cəzaçəkmə müəssisəsinə göndərilib.
Qeyd edək ki, kriminal aləmdə nüfuzlu fiqurlardan biri sayılan və "Cəhənnəm Necati" ləqəbi ilə tanınan Necati Arabacının "Hells Angels" motoklubu ilə əlaqələrinin olduğu bildirilir. Onun adı həm Türkiyədə, həm də Avropada fəaliyyət göstərən mütəşəkkil cinayətkar şəbəkələrin araşdırılması işlərində mütəmadi olaraq hallanıb.
