Çin 2030-cu ilədək ilk kosmonavtlarını Ayın səthinə endirməyi planlaşdırır.
Oxu.Az "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bu barədə Çinin Ayın tədqiqi proqramının baş konstruktoru Van Syan Pekində keçirilən Pilotlu Kosmik Proqram üzrə VII Simpoziumda danışıb.
Van Syanın sözlərinə görə, missiya "iki buraxılış - bir eniş" sxemi əsasında həyata keçiriləcək. Belə ki, iki "Çançjen-10" daşıyıcı raketi vasitəsilə "Lanyue" eniş modulu və "Mençjou" pilotlu kosmik gəmisi Ay orbitinə çıxarılacaq. Daha sonra aparatlar orbitdə birləşəcək və kosmonavtlar eniş moduluna keçəcəklər.
Ekipaj üç nəfərdən ibarət olacaq. Onlardan yalnız ikisi Ayın səthinə enəcək. Kosmonavtlar burada elmi tədqiqatlar aparacaq, daha sonra Yerə qayıtmaq üçün kosmik gəmiyə geri dönəcəklər.
Pilotlu enişdən əvvəl Çin Ay orbitində texnologiyaların sınaqdan keçirilməsi məqsədilə üç pilotsuz sınaq missiyası həyata keçirəcək.
Bütün buraxılışların Haynan adasındakı Vençan kosmodromundan reallaşdırılması nəzərdə tutulur.