Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı bəyan edib ki, İstanbulun hazırda həbsdə olan sabiq meri Ekrem İmamoğlunun məhkəməsi ölkənin bütün telekanalları ilə canlı yayımlanmalıdır.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Haberler" yayıb.
"Məhkəmə prosesi TRT (dövlət telekanalı - red.) də daxil olmaqla, bütün televiziya kanallarında canlı yayımlanmalıdır. Türk xalqı nələrin baş verdiyini görməli və bilməlidir", - deyə Baxçalı parlamentdə rəhbərlik etdiyi partiyanın fraksiyasının iclasında bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hakim koalisiya üzrə müttəfiqinin sözlərinə görə, İstanbul bələdiyyəsində korrupsiya ilə bağlı ittihamların məhkəmə araşdırmasını canlı izləmək imkanı ölkədə demokratiyaya inamın güclənməsinə kömək edəcək.
Xatırladaq ki, İstanbul Baş Prokurorluğu ötən həftə İmamoğluna qarşı korrupsiya işi üzrə istintaqı başa çatdırıb və onun üçün 2352 ilədək azadlıqdan məhrumetmə cəzası tələb edib. 402 şübhəlinin keçdiyi ittiham aktı noyabrın 11-də məhkəməyə təqdim edilib. Müxalif siyasətçisinin məhkəmə prosesinin nə vaxt başlayacağı hələlik bəlli deyil.
İmamoğlu martın 19-da korrupsiya və terrorçularla əlaqədə ittiham edilərək saxlanılıb, martın 23-də məhkəmə qərarı ilə həbs edilib.