Ekvadorda yanacağın qiymətləri ilə bağlı etirazlar zamanı nümayişçilər Prezident Daniel Noboanın kortejinə hücum ediblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə CNN rəsmilərə istinadən məlumat verib. Həmçinin Noboa bununla bağlı öz "X" hesabında paylaşım edərək, görüntüləri yayımlayıb. Prezident sınmış, zədələnmiş avtomobil şüşələrinin bir neçə videosunu və fotosunu dərc edib.
Məlumata görə, hücum İmbabura vilayətinin girişində baş verib. Bildirilir ki, Ekvador prezidenti ilə birlikdə xarici diplomatlar da humanitar yardım çatdırmaq üçün oraya gedirmişlər.
Ekvador prezident administrasiyasından bildirilib ki, kortejdə yüksəkvəzifəli şəxslər, o cümlədən Vatikan diplomatı Andres Karraskosa, Avropa İttifaqının səfiri Yekaterina Dorodnova və İtaliya səfiri Covanni Davoli də olublar.
Daniel Noboanın sözlərinə görə, humanitar konvoy Otavalo şəhərində pusquya düşüb.
Təxminən, 350 nəfər dövlət başçısının kortejinə hücum edib. Etirazçılar kortejə fişənglər, "Molotov kokteyl"ləri (içində yandırıcı maddə olan butulka) və daşlar atıblar. Avtomobilləri qoruyan 50-yə yaxın əsgər hücumu dəf etməyə çalışıb.
Noboa qeyd edib ki, etirazçılar Ekvadorun tərəqqisinə müqavimət göstərir və zorakılığı seçirlər.
İtaliyanın Ekvadordakı səfirliyi səfirin xəsarət almadığını bildirib və Noboanı hədəf alan hücumu "terror aktı" kimi qiymətləndirib.