Fransada kütləvi etirazlar və iğtişaşlar zamanı oğurlandığı ehtimal edilən malların satışı ilə bağlı elanlar həftəsonu onlayn platformalarda görünməyə başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat verib.
Məlumata görə, əşyaların yenidən satışı üçün platforma təqdim edən Fransanın "Vinted" platforması belə elanlarla mübarizəyə başlayıb. "Ötən həftəsonu komandamız oğurlanmış əmlaka aid ola biləcək elanları müəyyənləşdirməyə və silməyə başlayıb, həmçinin şübhəli elanlara nəzarəti gücləndirmişik", - deyə şirkətdən bildirilib.
Xatırladaq ki, ötən həftəsonu Parisdə və Fransanın digər şəhərlərində yanacağın qiymətinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi nümayişlər keçirilib. Təşkilatçıların qiymətləndirməsinə görə, nümayişlərdə 800 min nəfər iştirak edib. Daxili İşlər Nazirliyi isə 550 min iştirakçı qeydə alıb ki, bu da hüquq-mühafizə qurumlarının analitiklərinin proqnozlarından iki dəfə çoxdur. Bir sıra şəhərlərdə aksiyalar iğtişaşlara və polislə toqquşmalara çevrilib. Daxili İşlər Nazirliyi ölkə üzrə 2 mindən çox insanın saxlanıldığını bildirib və hökumət orqanlarının talan və qarətlərdə iştirak edən bütün şəxsləri təqib etməyə davam edəcəyini vəd edib.