Hindistanın Himaçal-Pradeş ştatının hüquq-mühafizə orqanları 1984-cü ildən bəri məhkəmədən gizlənən 69 yaşlı Vicay Kumar Yadavı həbs ediblər. Qaçaq Nahan şəhərindəki uşaq idman meydançalarından birində futbol məşqçisi işləyərkən ələ keçib.
Oxu.Az xəbər verir ki, bu barədə "Khaskhabar" nəşri məlumat yayıb.
Bildirilir ki, asayiş keşikçiləri Yadavı dələduzluq faktı ilə əlaqədar 40 ildən çox axtarıblar. Məsuliyyətdən boyun qaçırmaq məqsədilə kişi qeydiyyatda olduğu bütün sənədlərdən adını sildirərək saxta kimliklə yaşamağa başlayıb. O, fərqli ştatlarda gizlənərək futbol məşqçisi kimi çalışıb. Qaçağın sonuncu iş yeri isə Nahan şəhəri olub.
Hüquq-mühafizə orqanları texniki imkanlar və informatorlar vasitəsilə onun yerini müəyyən ediblər. Əməliyyatın səs-küysüz və diqqət çəkmədən keçirilməsi üçün polislər məşqə yazılmaq istəyən müştərilər cildinə giriblər və cinayətkarı elə futbol meydançasındaca qandallayıblar.