İndoneziyanın şərqində bomba partlaması nəticəsində beş nəfər həlak olub, üç nəfər itkin düşüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Jakarta Globe" qəzeti məlumat verib.
Məlumata görə, hadisə Papua əyalətinin Biak-Numfor dairəsində baş verib. Yerli polis bildirib ki, partlayışa səbəb olan bombanın İkinci Dünya müharibəsi dövründən qaldığı ehtimal edilir.
Hadisə zamanı həmçinin azı 19 nəfərin yaralandığı da qeyd edilir.
Partlayış hadisə yerinə yaxın yerləşən 6 evi tamamilə dağıdıb. İlkin şahid ifadələrinə əsasən hakimiyyət orqanları güman edir ki, bomba yerli sakinlər onu zərərsizləşdirməyə çalışarkən partlayıb. Polis həmçinin yaxınlıqda partlamamış minaatan mərmisi də tapıb.