İrlandiya hökuməti vətəndaşlıq almaq üçün tələbləri sərtləşdirmək niyyətindədir.
Oxu.Az RTE telekanalına istinadən xəbər verir ki, bu barədə İrlandiyanın Baş naziri Mihol Martin məlumat verib.
"Vətəndaşlıq məsələləri ilə bağlı təkliflərə gəlincə, onlar bizə qaydalarımızı Avropa İttifaqının digər üzv dövlətlərində qüvvədə olan qaydalara yaxınlaşdırmağa imkan verəcək", - deyə hökumət başçısı bildirib.
"Söhbət respublikada tələb olunan yaşayış müddətinin beş ildən səkkiz ilə qədər artırılmasından, həmçinin dil tələblərinin - ingilis dilini bilməyin və irland dili ilə ilkin tanışlığın tətbiq edilməsindən gedir. Bundan əlavə, əlbəttə ki, İrlandiyanı və ölkəmizin dəyərlərini anlamaq, habelə vətəndaşlıq almanın cəmiyyət həyatına töhfə vermək imkanı ilə müşayiət olunmasını təmin etməkdən söhbət gedir", - deyə o əlavə edib.
Ədliyyə, daxili işlər və miqrasiya naziri Cim O'Kallahan dəyişiklikləri "bir nəslin həyatı ərzində İrlandiyada vətəndaşlıq almaq qaydalarının ən böyük islahatı" adlandırıb.
Vətəndaşlıq almaq üçün namizədlər iqtisadi cəhətdən özlərini təmin edə bildiklərini sübut etməli olacaqlar. Hazırda İrlandiyada adi naturalizasiya üçün minimum əməkhaqqı və ya müəyyən gəlir şəklində maliyyə tələbləri yoxdur.
Bundan əlavə, O'Kallahanın sözlərinə görə, hakimiyyət milli təhlükəsizlik və ya ictimai asayiş üçün təhlükə ilə əlaqədar vətəndaşlıqdan məhrumetmə üçün ayrıca əsasın qanuna daxil edilməsini, habelə vətəndaşlıqdan məhrumetmə prosedurunun sadələşdirilməsini planlaşdırır.
Təkliflərə əsasən, İrlandiya vətəndaşlarının respublika vətəndaşı olmayan həyat yoldaşları və partnyorları da vətəndaşlıq üçün müraciət etməzdən əvvəl ölkədə daha uzun müddət yaşamalı olacaqlar.
Hökumət vətəndaşlıq haqqında qanunvericiliyə dəyişikliklərlə bağlı qanun layihəsini sentyabrın 9-da hökumət kabinetinin baxışına təqdim etmək niyyətindədir.