"ABŞ-nin İrana qarşı həyata keçirdiyi əməliyyat sona yaxınlaşmaqdadır".
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına verdiyi müsahibəsində deyib.
"Düşünürəm ki, o (İranla müharibə) bitmək üzrədir. Mən bu prosesin başa çatmağa çox yaxın olduğunu görürəm. Bilirsiniz, əgər mən indi oradan tamamilə çəkilib getsəm, o ölkəni yenidən ayağa qaldırmaları 20 il çəkər. Hələ işimiz bitməyib, nələrin olacağını görəcəyik. Düşünürəm ki, onlar səmimi şəkildə bir razılaşma əldə etmək istəyirlər", - deyə o, teleaparıcı Mariya Bartiromo ilə söhbətində vurğulayıb.
Bundan başqa Ağ Ev lideri əlavə edib ki, Tehranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün İrana hücum etməli olub:
"Onların diqqətini yayındırmalı idim, çünki etməsəydim, hazırda İran nüvə silahına sahib olardı".
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın başa çatdığını bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Fox News" telekanalının jurnalisti Mariya Bartiromo dövlət başçısı ilə müsahibədən sonra məlumat verib.
"Tramp əməliyyatın başa çatdığını bildirdi", - deyə jurnalist qeyd etsə də, əlavə təfərrüat açıqlamayıb.
Bundan əvvəl Tramp ABŞ və İran arasında növbəti danışıqlar raundunun yaxın iki gün ərzində keçirilə biləcəyini vurğulayıb.
Xatırladaq ki, aprelin 11-də tərəflər Pakistanın vasitəçiliyi ilə danışıqlar aparıblar. Həmin görüşdə Hörmüz boğazının açılması, İranın nüvə proqramı, sanksiyaların ləğvi və hərbi əməliyyatların dayandırılması məsələləri müzakirə olunub.