BMT və Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Təşkilat (ATƏT) “müvafiq dövlətlərin” təsiri altındadırlar və beynəlxalq təhlükəsizliyin təmin olunması üzrə funksiyalarını yerinə yetirmək gücünə malik deyillər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko Silahlı Qüvvələrin komanda heyəti qarşısında çıxışında deyib.
“BMT, ATƏT kimi təşkilatlar açıq aydın müvafiq dövlətlərin təsiri altındadırlar. Və, əgər düzünü desək, onlar artıq beynəlxalq təhlükəsizlik üzrə heç bir funksiyalarını həyata keçirə bilmirlər.
Onlar dünyada effektiv olaraq təhlükəsizliyi təmin etməyə, qlobal problemləri və dövrün aktual məsələlərini həll etməyə qadir olmadıqlarını nümayiş etdirilər”, - Lukaşenko deyib.
Bununla yanaşı, prezident söz verib ki, heç vaxt Belarus hərbçilərini düşünülməmiş və ölkə üçün lazımsız avantyuralara cəlb etməyəcək.
“Siz bilməlisiz ki, mən sizi heç vaxt ölkə üçün lazımsız avantyuralara cəlb etməyəcəm.
“Əgər öz torpaqlarımızı müdafiə etmək lazım gəlsə və çiyin-çiyinə dayanmaq lazım gəlsə, əmin ola bilərsiniz ki, bu zaman siz məni ön sıralarda görəcəksiniz”, - o deyib.