Meksikanın paytaxtı Mexikonun tarixi məhəlləsində baş verən silahlı basqın zamanı bir nəfər həyatını itirib, daha iki şəxs isə xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "El Universal" nəşri yayımlayıb. Bildirilib ki, insident şəhərin mərkəzində, Belisario Dominges və Respublika Braziliya küçələrinin kəsişməsində qeydə alınıb. Kimliyi bəlli olmayan şəxslər üç kişiyə atəş açaraq motosikletlə ərazidən uzaqlaşıblar.
Əraziyə cəlb olunan təcili yardım xidmətinin işçiləri 42 yaşlı kişinin öldüyünü müəyyən ediblər. Xəsarət alan 39 yaşlı digər iki nəfərə hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra onlar hospitalizasiya olunublar.
İnsidentin baş verdiyi ərazi polis tərəfindən nəzarətə götürülüb, hazırda orada prokurorluq müstəntiqləri və kriminalistlər fəaliyyət göstərir. Hüquq-mühafizə orqanları cinayətkarların qaçış istiqamətini öyrənmək məqsədilə müşahidə kameralarının görüntülərini təhlil edir. Hələlik saxlanılanlar barədə məlumat yoxdur, hücumun motivləri aydınlaşdırılır.